Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.85. |
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac,
Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.
Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal,
Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.
Çəkmə təxtü tac qeydin, bisərü palıq gözət
Kim, əyağə bənddir təxtü bəladır başə tac.
Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,
Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.
Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdə
Fəqr bazarinə əsbabi-fənadəndir rəvac.
Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar,
Olsa hasil fəqrdən hüznü qinadən ibtihac.
Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,
Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac.