Müsəlmanın halı
Müsəlmanın halı Müəllif: Üzeyir Hacıbəyov |
Mənbə: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. Bakı. Yazıçı. |
Hökümət qapısında
- Kərbəlayı Bədəl, görə bildin?
- Görə bildim.
- Nə dedi?
- Dedi: "Zavtra"(Sabah)
Ağalar qapısında
- Məşədi Fərəcullah, ağa evdə idi?
- Bəli, evdə idi.
- Səni gördü, nə dedi?
- İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında
- Mahmud əmi, razı oldumu?
- Balam, yox!
- Nə üçün?
- Dedi, beş yüz manat ver, yazım.
Dövlətli qapısında
- Kərbəlayı Müseyyib, getmişdin?
- Hə, getmişdim.
- Görə bildin?
- Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.