Müsəlman (Ağdabanlı Qurban)
Müsəlman Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.228 |
Zimistan dolanır, tez gəlir sabah,
Əyyam getməz belə mürtəd, müsəlman!
Bundan sonra gələn, eşidən-bilən,
Edər sizə təhniz, töhmət, müsəlman!
Qoşunlar cəmləyib namlar aldınız,
Qoç iyidlər, intiqamlar aldınız.
Arzuya yetişib, kamlar aldınız,
Ələ düşdü yaxşı fürsət, müsəlman!
Bir-birinin qənimində durdular,
Fürsət çağı ələ düşüb, gördülər.
Qanlar töküb, nər iyidlər qırdılar,
Bu binamus, bu biqeyrət, müsəlman!
Hansını söyləyim mən bu qisasın?
Müxtəsərin deyim, sözün xilasın.
Əlsiz zənənlərin soyub libasın,
Kəsdi barmaqların, namərd, müsəlman!
Çalan-çapan, oğru dolandı gümrah,
Füqaralar deyir: Allaha pənah.
İstərəm xudadan bir ədalət şah,
Qurban eylər, hər şikayət, müsəlman!