Mədain xərabələri

Mədain xərabələri
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Məmməd Rahim


İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san*.

Dəcləylə güzər eylə bir dəfə Mədainə,
Bir Dəclə də sən gözdən torpağına tök nalan.

Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan-yaş,
Göz yaşı deyil, atəş süzməkdə yanağından.

Bax! Dəclə göpüklənmiş, hər dalğa dodağında
Bir eylə uçuqdur ki, doğmuş ürək ahından.

Gör, Dəclənin həsrətdən bağrı nece yanmışdır,
Söylə, eşidibsənmi, su odda ola büryan?

Dəryaya verir Dəclə illərlə tükənməz qan,
Sən Dəcləyə bir pay ver, gözdən tökərək al qan.

Qopsa dodağından ah, qəlbindən alov hərgah,
Tən yan donar Dəclə, tən yan saçar vulkan.

Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış,
Eyvani-Mədaini görcək yer ile yeksan.

Göz yaşları dil açsın, eyvana xitab etsin,
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.

Başlar öyüdə hər an diş-diş divan qəsrin,
Sanki dil açıb, söylər tarixini hər dəndan.

Bayquşların ahından ağrır başımız daim,
Göz yaşı gülabıyla et dərdimizə dərman.

Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə,
İzlər bu cahan içrə, olma buna, gəl, heyran.

Biz ədl sarayıykən, zülm ilə xarab olduq,
Zalimlər olan qəsrə, gör, neyləyəcək dövran.

Sarsıtdı kim əflaka qalxan belə eyvanı,
Göylərdəki qüvvətini, etdi ya fələk viran?

Ağlar gözümə güldün, sordun: Bu nə - matəmdir?
- Çox gülməlidir burda hər ağlamayan insan.

Nə zali-Mədainin Kufə qarısından kəm*,
Nə hücrəsi təndirdən naqis tutular bir an.

Kufəylə Mədaini mənada bərabər tut,
Təndir qala qəlbinlə, gözdən tələb et tufan.

Bir vaxt bu eyvanın astanasını üzlər,
Saldıqları nəqş ilə etmişdi nigarıstan.

Burda nökər olmuşdur Babil şahı illərcə,
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.

Etmiş buradan bir gün şiri-fələkə həmlə,
Cürətlə o aslan ki, yonmuşlar onu daşdan.

Zəni eylə o əyyamdır, fıkr ilə nəzər sal, gör,
Dərgah haman dərgah, meydan haman meydan.

Söylər: ayağın bərk bas, göz yaşını tök rahat,
Biz torpaq olub getdik, sən də diri torpaqsan.

Atdan yerə en, üz sürt torpağına, seyr eylə,
Fil pəncəsi altında, şahkan, mat olub Neman.

Yox filləri Nemantək torpağa salan şahlar,
Fil kimi gecə-gündüz onları əzər dövran?

Təqdirə baxın, bir vaxt fıl aciz edən şahlar,
Şahmatda qalıbdır mat - bir fil kimi sərgərdan!

Nuşirəvanın qanın Hürmüz qafa tasında,
İçmiş, belə məst olmuş torpaq dediyin ətşan.

Tacında onun bir vaxt vardısa nəsihətlər,
Minlərcə nəsihət var beynində bugün pünhan.

Kəsra ilə narıncı, Pərviz ilə tərxunu,
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan.

Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz,
Süfrə bəzənib, oldu zər səbzəli bir bostan.

Pərviz yox olmuşdur, ondan daha söz açma,
Get, "Kəmtərəku" söylə, zərdən tərə yox əlan*.

Sordun: - Hara getmişlər indi o böyük şahlar?
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Çox gec doğacaq torpaq, qayda belədir əslən,
Tez nütfə tutan kəslər doğmaz o qədər asan.

Meynə yetirən meydir Şirinin ürək qanı,
Pərviz cəsədindəndir ol küp ki, qoyar dehqan.

Udmuş nə qədər, bilsən, zalimləri bu torpaq,
Lakin, yenə doymaz bu acgöz adam udmaqdan.

Görpə qanını sürtər rüxsarına ənmiktək,
Bu döşu qara kaftar, ağ qaşlı bu bmiman.

Xaqani, bu dərgahdan sən daima ibrət al,
Ta almaq üçün ibrət gəlsin qapına xaqan.

Dərviş bugün umsa şahlar qapısından pay,
Dərvişdən umar bir gün ruzi, onu bil, soltan.

Adət belədir: Məkkə töhfə verər hər şəhrə,
Sən töhfə Mədaindən al, qoy bəzənə Şirvan.

Hər kəs aparan təsbeh çün Cəmrə gilindəndir,
Təsbeh al o yerdən ki, torpağa donüb Səlman*.

İbrətlə bu dəryaya bax, dadlı suyundan iç!
Olmaz keçəsən ətşan bu Şətt kənarından*.

Kim gəlsə səfərdən, bil, bir töhfə verər dosta,
Qoy ərmağının olsun hər dostuna bu dastan.

Bax, gör ki, bu şer içrə nə sehr yaratmışdır,
İsa kimi bir sərsəm divaneyi-hikmətdan