Məgər badi-səba zülfin ucundan key pərişandır

Məgər badi-səba zülfin ucundan key pərişandır
Müəllif: Həbibi
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27.

Məgər badi-səba zülfin ucundan key pərişandır
Ki, başü canü dil hər dəm ayaq altında rizandır.

Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,
Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.

Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,
Pərişanhalü aşiftə, nizarü zarü giryandır.

Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,
Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqin
Ki, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.

Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,
Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.

Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,
Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.