Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin Müəllif: Mirzə Məhəmməd Tağı Qumri |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,
Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin,
Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?!
Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami,
Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?!
Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq
Və lakin müşkül işdir ləzzəti-didardən keçsin.
Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən,
Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin.
Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş,
Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin.
Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan,
Məgər candan keçib ol türreyi-tərrardən keçsin?!