Məhəbbət əşarı

Məhəbbət əşarı
Müəllif: Cəfər Cabbarlı

Bir lalərüxəm, eşqimə sultan ola bilsən,
Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.

Ən odlu bir eşqin gülü al olmuş, unutma!
Qismət sevənə hicr vüsal olmuş, unutma!
Aşiq qanı məşuqə həlal olmuş, unutma!
Varsansa, buyur, eşqimə qurban ola bilsən.

Sən tifli-dəbistansan, uzaqlaş, təpərin yox!
Eşq aləmi bir başqa bəladır, xəbərin yox!
Ağuşi-nəcibanədə aldanma, yerin yox!
Gəl, Qeys ilə həmdərdi-biyaban ola bilsən.

Dün sev də, bu gün başla həmin hicrə şikayət,
Məna ara, bul, eşqdə boş vəslə nə hacət?
Hər aşiqə ümmid günü var olsa qiyamət,
Gül onda da sən, vəslimə şayan ola bilsən.

Həp hicrdədir, eşqin əgər varsa səfasi;
Gün gəlsə yaxın, bir od olar nazlı ziyası;
Eşqim verər ancaq sənə bir zövqi-əsası;
Ömrün boyu hicr ilə pərişan ola bilsən.

Sən badələr iftadəsi, qanunkeşi-xilqət,
Mən bir yeni məfkurəli növzadi-təbiət.
Bir çoxları tək vəsldə mümkün sənə əlbət;
Ancaq ki, bədənsiz quru bir can ola bilsən.

Mən şeirəm, özüm, bir daha əşarə nə hacət?
Mən canlı çiçəkkən, ölü gülzarə nə rəğbət?
Mənsiz gülə, həp şairin əşarına lənət!
Lənət sənə də, "bəxtəvər" insan ola bilsən.