Məktəb (Məhəmməd Hadi)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məktəb
Müəllif: Məhəmməd Hadi

Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət.
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət.
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəb nə demək? Heyəti-milliyyəyə candır.
Məktəb nə demək ruhi-didi mürdədilandır.
Ariflərə həmvarə bu söz virdi-zəbandır:
Əlməktəbü, əlməktəbü, ey millət, amandır,
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəb nə demək? Əncüməni-əhli-səfadır.
Məktəb nə demək? Bariqeyi fəkri səmadır,
Neyyirləri həp şəşəəbəxşeyi-dühadir,
Pərvərdeyi-ağuşi olanlar üdəbadır.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şəraf zadeyi-insan,
Məktəblə görər tərbiyə həp gülşani-ürfan,
Təzkar edək ixvanımıza şu sözü hər an:
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!