Məlamət əlaməti
Məlamət əlaməti Müəllif: Abbasqulu ağa Bakıxanov |
Çox gözəl hekayət yadıma düşdü,
Ya da bir şikayət yadıma düşdü.
Bir fəqir, gələrək yüz ahü zara,
Şikayət edərək bir hökmdara.
Dedi ki, bu kənddə var bir bostanım,
Onunla dolanır bil, xanimanım.
Qonşunun camışı girib bostana,
Onu ayaqlayıb edib virana.
Hakimsə danlayıb yazıq kişini,
Dedi: «Sən tutaydın möhkəm işini.
Bir hasar çəkmədin bostana nədən?
«Tikanla örtmədin hasarını sən».
Dedi ki, camışa bunlar nə edər,
Hasar, tikan ona edərmi əsər?
Dırnağı, buynuzu möhkəmdir onun,
Zoru çox, şüuru çox kəmdir onun.
Dağıdar önünə nə çıxsa haman,
Özünə yol açar bu qanmaz heyvan.
Qüdsi, heyrətdəyəm ki, hər bişüur,
Hər şeydə işlədir qanmazlıqla zur.
Soxulur önünə çıxsa ev, bostan.
Tapdayıb eləyir yer ilə yeksan.
Dindirsən deyir ki, qorxan deyiləm.
Yəni ki, camışam, insan deyiləm.