Məmur və oğlan

Məmur və oğlan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Lovğa bir məmur qocalmışdı. Odur ki, ömrünün qalan günlərini xoş keçirmək üçün məmurluqdan əl çəkib mülkədar olmaq fikrinə düşdü. O, özü üçün yer aldı, kəndin qırağında böyük bir ev tikdirdi. Bekarçılıqdan, məmur, hər gün kəndlilərin tarlalarını gəzir, yeri gəldi, gəlmədi onlara ağzına gələn məsləhətlər verirdi. Bir dəfə o, yol keçirdi, gördü ki, kəndli öz balaca tarlasında düyü sünbüllərini seyrəldir, çıxarılmış çəlimsiz çəltikləri mərzlərə tullayır.

Məmur atını saxlayıb kəndlinin işinə baxmağa başladı. Baxdı, baxdı, axırda dedi:

– Sən düzgün eləmirsən. Qırırsan atırsan, qırırsan atırsan. Bir adam kimi əməlli-başlı sayasan ki, bir gündə nə qədər çəlimsiz sünbül çıxarmısan, o səndə yoxdur. Yaxşı, de, görək ki, səhərdən günortayacan nə qədər çəlimsiz sünbül çıxarmısan?

Kəndli belini düzəldib, köynəyinin qolu ilə üzünün tərini sildi, gülümsünə-gülümsünə belə cavab verdi:

– Ay ağa, sən saya bilərsən ki, bu gün sənin atın neçə addım atıb?

Məmur hirsləndi, qayıdıb evinə getdi.

İşin tərsliyindən bu işin üstündən bir həftə keçmiş həmin kəndlinin çoşqası qaçıb məmurun bağına girdi. Məmur, qışqır- mağına baxmayaraq çoşqanın dal ayaqlarından yapışdı, sürüyəsürüyə apardı, anbara salıb qapısını bağladı.

Axşam kəndli öz çoşqasının dalınca gəldi. Məmur, kəndlini tanıyıb dikbaşlığı üçün ondan əvəz çıxmaq istədi. O, qışqırmağa başladı:

– Sənin çoşqan mənim bağımda, sənin öz tarlanda dartıb çıxartdığın çəlimsiz düyü sünbülündən çox ağac korlayıb. Sən mənə gərək zərərin haqqını verəsən. Götür çoşqanı apar, onu mənim üçün elə bəsləyib saxla ki, bax orda gördüyün dağ boyda olsun. Özü də gərək tez edəsən, yoxsa sənin üçün pis olar.

Kəndli çoşqanı qoltuğuna vurub dərdə-qəmə batmış evinə qayıtdı. Kəndlinin kiçik oğlu bu bədbəxtliyi eşidib dedi:

– Ata, ürəyini sıxma! Mən özüm cənab məmurun yanına gedib onunla danışaram.

Oğlan ayağa durub məmurun evinə getdi.

– Sənə nə lazımdır? – deyə məmur ondan soruşdu.

Oğlan təzim edə-edə qolunun içindən balaca çəki daşını çıxarıb dedi:

– Hörmətli ağa, sən mənim atama əmr etmisən ki, donuzu bəsləyib o dağ ağırlığında eləsin. Ancaq biz bilmirik o dağın çəkisi nə qədərdir. Gəlin əvvəlcə onu çəkək.

Məmur qıpqırmızı qızardı və heç nə cavab verə bilmədi. İndi o, bərk utandı – bir gör avam kəndli uşağı da ondan ağıllıdır. Ona görə də, o, tez evini satıb yenə də şəhərə köçdü.