Mənə (Xəstə Qasım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənə (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Qədir gecəsində mətləb dilədim,
Tərəhim eylədi o mövlam mənə.
İki kimsənədən nur bəyan oldu,
Aşikar göründü afitab mənə.

Xab içində qulağa gəldi səda,
Əlində cam, ağam verdi bir bada.
Nazlı yarı mənə verdi o buta,
Ərşidən endi bir şirin xab mənə.

Səksənib qalxdım mən o xabi məstdən,
Hər mətləbim vardı dilədim haqqdan.
Nagahanı bir səs gəldi Hatifdən,
Xabdan durmağı etdi xitab mənə.

Xəstə Qasımam dəsti-rəst oldum,
Şahın üzün görüb kəmərbəst oldum.
Ağamın payı eşqindən məst oldum,
Orda bəyan oldu, dörd kitab mənə.