Tərk edən vətəni, əl üzən eldən,
Qürbət eldə bir avara mənəm, mən.
Taleyi kür gələn ruzi-əzəldən,
Sinəsi səd həzar para mənəm, mən.
Nə müddətdi, yad ölkələr qulamı,
Oxuyan dilində əziz kalamı.
Göndəribsən neçə dəfə salamı,
Yeni gələn bu diyara mənəm, mən.
Tifil ikən bir mövlaya qul olan,
Həsrət çəkib, dərdü-qəmnən bol olan,
Ovçu kimi dağlar üstə yol olan,
Axır, həsrət qalan yara mənəm, mən.
Hələta dilimin bir əzbəridi,
Məni dolandıran haqq əsəridi.
Mövlam bu dünyanın tək sərvəridi,
Bel bağlayan o sərdara mənəm, mən.
O şiri-davərin, nami-heydərin,
Zəminin sütünü, ərşə ləngərin.
Dil açıb söyləyən vəsfi-dəftərin,
Novrəs İman aşikara mənəm, mən.