Mənəm (Aşıq Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənəm
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)


                    Dəymə fələk, dəymə mənə,
                    Ümmanda qərq olan mənəm.
                    Hicri-qəmin qucağında
                    Dəryada qərq olan mənəm.
                    Düşmüşəm qəm dəryasına,
                    Dinib - danışa bilmirəm.
                    Gözlərim baxmır sözümə,
                    Sellərdə qərq olan mənəm.

                    Qəm mülkünün paşasıyam,
                    Virandı könlümün mülkü.
                    Ax, ay zalım, zalım, zaman,
                    Yıxmısan binəmi bil ki!
                    Gəlin görün nə haldayam,
                    Bəyənmir aslanı tülkü.
                    Sönüb könlümün günəşi,
                    Tufanda qərq olan mənəm.

                    Dindirməyin məni, ellər,
                    Yaram sağalmaz yaradı.
                    Danışmağa halım yoxdu,
                    Hər yerim para - paradı.
                    Desələr ki, Aşıx Heydər,
                    Bir topdağıtmaz qaladı.
                    Qızıldan taxtım olsa da,
                    Yeksanda qərq olan mənəm.