Mən (gəraylı, Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004. səh.159.

Gözəl, sana məlum olsun,
Həsrətindən yanıram mən.
Ala gözlər süzüləndə,
Canımdan usanıram mən.

Hansı dağın maralısan?
Hayıf, bizdən aralısan!
Sən də yardan yaralısan,
Dürüşündan qanıram mən.

Mənim adım Ələsgərdi,
Dərdim dillərdə dəftərdi.
Xalların dürrü gövhərdi,
Sərrafıyam, tanıram mən.