Mən gəlin idim, dillənməz idim
Mən gəlin idim, dillənməz idim Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017. |
Çox gözəl, yaraşıqlı bir qız vardı. Qonşu kənddən elçi düşüb, toy eliyib aparırlar. Oğlan evində gərdək asıb qızı dalında oturdurlar. Oğlan toyu başlanır. Gərdəyin dalından tamaşa eliyən qız görür ki, təndirdə biş-düş eliyib məclisə daşıyırlar. Zurnanın, nağaranın səsi kəndi başına götürüb. Toyun sonu çatır. Nağara çalan nağaranı təndir damında qoyub məclis olan yerə yeməyə gedir. Gəlin görür ki, it gəldi, nağaranın dərisini cırıb yedi və getdi. Səsini çıxarmır. Bir azdan nağara çalan nağaranın dalınca gəlir. Nağaranı cırılmış görüb hirslənir. Bunu kimin elədiyini gəlindən soruşur. Gəlin deyir:
– Mən gəlin idim, dillənməz idim. Ham-hamı gəldi, dım-dımı cırdı.
Hirslənmiş nağaraçı cırılmış nağaraya bir təpik vurub gedir. Gəlin görür ki, bir azdan bir kişi gəldi. Kişi görür ki, təndir köz salıb qızarıb, yanında da yuyulmuş qarın-qarta var. Qarın-qartanı şişə taxıb salır təndirin içinə. Bişirib dartışdıraraq yeməyə başlayır. Gəlin bəyin gəlib çıxmadığını görüb, başını gərdəkdən çıxaraq kişidən soruşur:
– Qarın-qarta dartan baba, sən də bu evdənsənmi?
Kişi deyir:
– Qarın-qarta dartan baba sənin gülün, sən də onun bülbülün.
Gəlin barmağını dişləyir. Bilir ki, onu bu kişiyə gətiriblər. Yavaşca yerdəki sənəyi götürüb döşəkçənin üstünə qoyur. Dingəsini çıxarıb səhəngin başına taxır. Gülbəngisiynən də səhəngi bükür. Gizlincə çıxıb gedir.