Mən istərəm bu meydanda nər indi

Mən istərəm bu meydanda nər indi
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Ay ağalar, gəlim sizə söyləyim,
Mən istərəm bu meydanda nər indi.
Sinəmin dəftərin izhar eyləyim,
Arif olan ər gərəkdi, ər indi.

Sevdalı sərimdə eşqin havası,
Yandırır cismimi onun nidası.
Çalxanır könlümdə eşqin dəryası,
Boylama ki, dərinlərdən dərindi.

Aşıq Musa dərsin alıb bir pirdən,
Mətləbi zəbərcəd, kalamı dürdən.
Gözləri cananı görəndə hərdən,
Ağlı çaşır, tab eyləmir sər indi.