Məndə Məcnundan füzun aşiqlik istedadı var
Məndə Məcnundan füzun aşiqlik istedadı var Müəllif: Məhəmməd Füzuli |
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,
Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var.
Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.
Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili naşadı var.
Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.