Ey saqi! Camından nədir bu əsrar?
Qıldı bir qətrəsi məstanə məni.
Şərabı ləlində nə keyfiyyət var?
Söylədir əfsanə, əfsanə məni.
Qaldır niqabını ey vəchi ənvər,
Zülməttə könlümüz olsun münəvvər.
Şərabi - ləlinin ləzzəti, dilbər
Gəzdirir meyxanə, meyxanə məni.
Aşiqin çox bəla gələr başına,
Təhəmmül gərəkdir düşman daşına,
Üzü alovuna, eşq atəşinə,
Yanmaqda seyr etsin pərvanə məni.
Baxmazlar Dərdliyə - alqındır deyə,
Həqiqət bəhrinə dalqındır - deyə,
Bir saçı Leylaya vurğundur - deyə,
Yazmışlar dəftərə divanə məni.