Məni (Aşıq Abbas Tufarqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məni
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bar ilahim,qismət eylə
Yara yoldaş elə məni.
Mən ona can qıyar olsam,
O sevsin baş ilə məni.

Ağladırsan, güldürursən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni.

Abbas deyər: səni tarı,
Çıxart könlündən qubarı,
Sevər olsan özgə yarı,
Yandır atəş ilə məni.