Məni (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məni
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.170 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Cəsədi möhnətdə nara qalandım,
Yandırıb döndərər küllərə məni.
Dərdim dərya kimi coşub çağlayır,
Qərq edər ümmana, sellərə məni.

Əyibdi işimi qəzavü-qədər,
Gəşd edib dünyanı dolannam hədər.
Ömrümün növrağı tamama yetər,
Həsrət qoyar doğma ellərə məni.

Aşıq Alı deyər: həsrətəm yara,
Görən tapılarmı dərdimə çara?!
Baş alıb gedərəm qürbət diyara,
Salar dərdi-möhnət, çöllərə məni.