Məni (Aşıq Molla İsmayıl)

Məni
Müəllif: Aşıq Molla İsmayıl
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Cavan ömrüm bada getdi,
Salmadı yar yada məni.
Fələk görün nələr etdi,
Yar gətirdi dada məni.

Ömür getdi hədər yerə,
Qan ağlar kim məni görə,
Dost görmədim bircə kərə,
Yar salmadı yada məni.

De bu dərdə dözüm necə,
Dərdim bilən yoxdu bircə.
Can verirəm yar gəlincə,
Öldürdü bu qada məni.

İsmayılam həsrət gülə,
Zalım fələk, aman elə,
Məzar üstə anam gələ,
Dostlar sala yada məni.