Məni (Koroğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Yağı düşmanın hərbəsi,
Qaçırtmaz meydandan məni.
Qorxaq müxənnət zərbəsi,
Qaçırtmaz meydandan məni.
Girrəm meydana ər kimi,
Durram qabaqda nər kimi.
Düşmən boylanar xər kimi,
Qaçırtmaz meydandan məni.
Hərdən bərədə yataram,
Ortada şeşpər ataram.
Paşanı diri tutaram,
Qaçırtmaz meydandan məni.
Aləmə bəlli hünərim,
Çənlibeldə dəlilərim.
Mərd igidə peşkəş sərim,
Qaçırtmaz meydandan məni.
Koroğluyam, budu düzü,
Comərdin sərt olar üzü.
Müxənnətin tənə sözü,
Qaçırtmaz meydandan məni!