Məni bir qaşı kəman oxladı müjganı ilə
Məni bir qaşı kəman oxladı müjganı ilə Müəllif: Zikri Ərdəbili |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Məni bir qaşı kəman oxladı müjganı ilə,
Atdı bir ox ki yarar könlümü peykanı ilə.
O kamanqaş gözəl atdıqca xədəngi-müjəsin,
Doldu peymaneyi-çeşmim ciyərim qanı ilə.
Bağlayıb boynuna zahid xəmi-zülfün tuqun,
Gör necə küfr təriqin tutub iymanı ilə.
Könlümüz cəm idi, nagah əsib badi-səba,
Qıldı pəjmürdə yenə zülfi-pərişanı ilə.
Xublar içrə vəcahətli idi Yusif əzəl,
Deyin o əzzələ qarşı dura, bu sani ilə.
Aşiqin cismini duzəx odu yandırmaz, elə -
Ki, elə yandırır od məhvəşi hicranı ilə.
Zikrinin naleyi-əfqanı yetişdi fələyə,
Yandırar əncüməni-əncümü əfqanı ilə.