Mənim (Şair Əbülfət)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim (Şair Əbülfət)
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Yaman düşdü eldən-elə,
Daşım mənim, daşım mənim.
Nələr çəkdi gələ-gələ,
Başım mənim, başım mənim.

Qəm dəryası ləpələndi,
Dərdim artdı, təpələndi,
Diyar-diyar səpələndi
Huşum mənim, huşum mənim.

Əlif qəddim yaya döndü,
Gözüm yaşı çaya döndü,
Yaman ahü vaya döndü,
İşim mənim, işim mənim.

Qul Əbülfət günahkardır,
İşi-gücü ahü zardır.
Dörd fəsilə barabardır
Qışım mənim, qışım mənim.