(qıfılbənd)
Əvvəlinci imamımdı
Ol Şahi-Mərdan mənim;
Oxunan yüz on dörd surə,
Ayeyi-Quran mənim;
Nəcəf mənim, Məkkə mənim,
Şahi-Xorasan mənim;
On bir övladıynan bərhəq
On iki imam mənim;
Cəmi müşkül işlərimi
Sən eylə asan mənim!
Otuz üçnən dörd məqamı
Bağlayıbdı, yol gəlir;
Altı iki on ikiynən
Onu yəqin bil, gəlir;
İyirmi dörd səkkizinən
Gör necə müşkül gəlir;
Yeddi iyirmi dördünən
Bizə şirindil gəlir;
On iki qırx səkkizinən
Cəm olub tamam mənim.
İyirmi dörd on beşinən,
Altısı can üstədi;
Üç beşinən səkkiz tamam
Durubdu can üstədi;
Dörd üçünən altı biri
Bəlli bəyan üstədi;
Yeddi iyirmi dördünən
Hesabı on üstədi;
Yüz iyirmi iki üçnən
Qurğunu quran mənim.
Dörd padişah, üç qulamı,
Hər qulamın dörd əli;
Doxsan iki ilən gəzir,
Nədi onun əngəli?
Altısında səkkiz ayaq,
Altı yeddiynən gəli;
Əbülfəzim bu hesabdan
Baş tapmır, olub dəli;
Yaxşı bilər dərdlərimi
Oxuyub qanan mənim.