Mənim (Aşıq Abbas Tufarqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Gecə-gündüz qan ağlaram,
Artıbdı fərağım mənim.
Başımı alıb gedərəm,
Tutduğca ayağım mənim.

Fələk salıb işim ləngə,
Düşmüşəm qovğaya, cöngə,
Aşaram Hində, Firəngə,
Alınmaz sorağım mənim.
 
Abbas qürbət elə varsa,
Namərd olar dala qalsa,
Deyilənlər gerçək olsa,
Sönübdü çırağım mənim.