Mənim (Aşıq Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Ağbaba deməsəm dilim lal olar,
Çıxarmı yadımdan Ağbabam mənım?
Necə ağlamayım, necə yanmayım,
Dağılan, talanan el - obam mənim.

Bir tanrı kiridər mən tək ağları
Nə vaxtdı gözlərim görmür dağları.
Öləni çox oldu, hanı sağları,
Uzaqlarda qalan yurd - yuvam mənim.

Heydər, ələ gəlməz o gedən çağlar,
Qız - gəlin yasdadı, qaralar bağlar.
Göyləri titrədir nalələr - ahlar,
Dərdü qəmim mənin, bədduam mənim.