Mənim (Mücrüm Kərim)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mənim Müəllif: Mücrüm Kərim |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ey mənimlə həmdəm olan bivəfa,
Dərd əlindən ahu-zarım var mənim.
Təbibimsən, eləməzsən davasın,
Nə sağalmaz yaralarım var mənim.
Əfqanımdan həzər elə, vəhm elə,
Belə olmaz aşinalıq, rəhm elə.
Siyah zülfün həsrərtindən fəhm elə,
Qara günlü ruzigarım var mənim.
Kəriməm, hüsnünə olmuşam mayil,
Qəm dustağı gərdənimdə həmayil,
Başımızda bu sevdadan nə hasil,
Bihudə-bihudə yarım var mənim.