Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz


Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.

Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış.
Gəmim - Cudi dağı, gözdən axan yaş isə tufanı.

Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,
Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.

Deyil bu məktəbə layiq o kəs ki, dərdi cuş etsə,
Qopub tufan dörd yandan, onun sarsılmaz ərkanı.

Dizi məktəb olan kəsdə gərək bir hümmət olsun ki,
Önündə it kimi diz çökdürə bilsin o, aslanı.

O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,
Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.

Bu məna Xızrını hər kəs ətəkdən tutsa Musa tək,
Suyu xatırladar Xızrı, əli möcüzdə Musanı*.

Onun təlqininin şərhi sükut ilə olar təvil,
Bütün təlimi müşküldür cəhalət isə bürhanı.

Mənim öyrəndiyim ilk söz bu məktəbdə "sükut" oldu,
Bəladır dil başa, lakin, sükutdur dərd dərmanı.

Məni ilk dərsdə ustad dildən eylədi məhrum,
O dilli bərbətə dilsiz, neyin üstündür əfğanı.

Qalarkən ney kimi dilsiz, dodaqdan can əta etdi,
Dedi: - Ney tək gözündən al nəfəs, -verdi bu fərmanı.

Məni təlqin butasında əritdi, yaxdı, ta məndə,
Nə şeytan hiyləsi qaldı, nə də ki, Adəm üsyanı.

Mənə öyrətdi çox şeylər, yazarsam cüzünü, çatmaz,
Səmanı dəftər etsəm də, mürəkkəb - cümlə dəryanı.

O "əbcəd" ki, mənə ustad təlim etdi təcridi,
Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı*.

O gün ki,sirri yoxluqdan ibarət "əbcəd"i bildim,
Unutdum varlığa baglı olan hər bir müəmmam.

Görüncə bilməməkdir bu qəribə məktəbin elmi,
Unutdum hafizəmdə yer tutan hər elmü ürfanı.

Qəribə elm öyrəndim, başa düşdüm ki, nadanam,
Əcəb ustaddır, təlim edir mən kimi nadanı.

Necə ayinədə tuti görər öz əksini, lakin,
Gələr nitqə təəccübdən, olar əksinin heyranı.

Ömür keçdi bu məktəbdə, hələ "əbcəd"dəyəm aciz,
Nə vaxt dərk eylərəm, aya, müəmmalı bu divanı.

Hələ körpə uşaqlar tək oyun ardındadur fikrim,
Bu hoqqabaz fələk heyran edir feliylə insanı.

Oyun həngaməsi qurmuş uşaqlar, mən baxıb gördüm,
Qara möhrə durar, göy möhrə dövr eylər bu meydanı*.

Budur, axır oyun bitmiş, yəqindir ki, çatıb axşam,
Günəş batcaq, bu adətdir, çatar həngamə payanı.

Ağıl qorxardı təbimdən, əlacı gördüm heyrətdə,
Necə Musa deyirkən eylədim tabutu zindam*.

Neçə Firondan Musa qaçırdı çarəsiz, indi,
Mənim əqlim də qaçmaqda edir təqlid Musanı.

Həvəs istərdi yüksəlsin, uca səflərdə yer tapsın,
Qolundan tutdum, atdım ki, ayaqda öz yerin tanı!

Behərsiz bir an olmuş əgər nəfsim əzəl başdan,
Bu gün şadəm ki, şəhd ilə dolubdur nəfsimin şanı.

Onu mürtədliyə mayil görüncə, adəti üzrə,
Açıldı sirri, mən kəsdim onun başını pünham.

Onu xəlvətdə dəfn etdim, məzarın qanla islatdım,
O qanlı qəbrə mən təlqin dedim ayati-imam.

Şəhidin qəbri zahirdə qan ilə islanar, amma,
Dolar müşk ilə daxildə, saçar can ətri-rizvanı.

Yoxumdur qorxu: o qəbri təbiət kaftarı söksün,
Şəriət məhtabın etdim gecə qəbrin nigahbanı.

Əgər nəfsin məzarında tikan bitmişsə, şükr eylə!
Tikan zahirdədir, sən batinə bax, gör gülüstanı.

Günəşdir hümmətim, rindəm, özüm aləmdə şahənşah,
Minib ərşi, yatırmışdır dizi üstündə İsanı*.

Bəli, dərvişdəki hümmət Günəş misli gərək olsun
Axı o, şahdan üstündür, nə yurdu var, nə sahmanı.

Süleymana bərabərdir hər hümmət sahibi dərviş,
O "rəbbi həbli" təblinin səsindən titrər eyvanı*.

Cahanla can iki bütdür düşüb dərviş ayağına,
Tamahla ehtiyac it tək olub zəncirli dərbanı.

O İskəndərsifət Xızrın hava - taxtı, ağıl - tacı,
O aqil sərxoşa süfrə - rzadır, can - mehmanı*.

Xəzinədarı - fikr, ilham, keşikçi - şər ilə tovfiq,
Əsiri - nəfs ilə amal, qul etmiş çərxi, keyhanı*.

Nə hind çibalı tək qurmuş sitəmlə qəsri-tağuti,
Nə Çin xaqanı tək zülm ilə düzmüş tacə mərcanı*.

Onun təslim ocağında odundur təxti çibalın,
Onun ixlas atına nal edərlər taci-xaqanı*,

Azadlıq meydanında at çapırmaq könlünə düşsə,
Kosu - amal olar, əqlin ayağı - əldə çovqanı*.

Mənim qəlbim evi göz-göz olub, onda pətəklər tək,
Eşikdən sadədirsə, var içində bal dolu şanı.

Hörümçəklər toru zahirdə bir tül pərdəyə oxşar,
İçində, halbuki, yoxdur çibindən başqa büryanı.

Nəyə lazım balıq tək zahiri pullu, içi bomboş,
Sədəf ol ki, üzün sadə ola, qəlbin göhər kanı.

İradə şahının, getdim, öpəm bir gün ayağından,
Məni taxta çıxardı, söylədi: öz mənzilin tam!

Salındı süfrə, əyləşdim, nəyə lazım mənə nemət,
Qidamdır duzlu göz yaşım, üzümdur zər nəməkdanı.

Məhəbbət camını verdi əlimə dost, şad oldum,
O camda Xızr içmişdir, deyirlər, abi-heyvanı.

Belə bir mənzili görmüş, dübarə hissə aldanmaz,
O məclis şirnisin dadmış bəyənməz noğlu, halvanı.

Olar İsa kimi bayram mənim qəlbimdə hər anda,
Fəqirlik bayramında, bil, könüldür təkcə qurbanı.

Mənə qəlbim dedi: ol fəqrə qane, baxma dünyayə,
Rəvadırmı bir ac yurda dikə göz Misr sultanı?

Fələk mehtərləri ömrün atından saldılar nəfsi,
Bu otlaqda nəyin vardır, qəhət almış bu səhranı.

Tapılmaz kəndlidə arpa, onu dövran yandırmış,
Çörək olmaz o təndirdə ki, basmışdır su tufanı.

Tapılmaz heç bu xırmanda bir arpa, aləmi gəzsən,
Gözün çək arpadan, olma çörəkçün şah dərbanı!

Qoşulsa cahilə aqil, əsər qalmaz kamalından,
Bir oğru olsa, karvanda çalar eşşəklə palanı.

Xəsis bu rüzigarın sən pay umma süfrəsindən ki,
Gecə-gündüz iki it tək qovar biçarə mehmanı.

Saqın sən bu ala itdən, amandır, felinə uyma,
Ki, dişdən eyləmiş məhrum dişlə bir çox aslanı.

Fələkdə varsa da bir cüt çörək, bir sünbül, aldanma,
Sənə bir dəstə keşniş də deyil bu çərxin ehsanı.

Gecə goy süfrəsində var çörək xırdaları, baxma,
Dağarcıqda kəpəkdir ki, dilənçi etmiş İsanı!

Tamah ölmüş, ona meyyit namazı qıl desəm, hardan,
Taparsan su? Tutub başdan-başa çirkab bu dünyanı.

Təyəmmüm qıl desəm, yoxdur bu dünyada təmiz torpaq
Şəhidlər qanı basmışdır bütün bərrü biyabanı.

Özünü bəsləyənlər bir gülə oxşar ki, gülşəndə,
Kəsifdir batini, ancaq geyib əyninə dibanı.

Ağan süfrə açan günlər bütün itlər edər bayram,
Acından ölsə də, aslan yeməz itlərlə ehsanı.

Səxavət sahibi bircə tikəylə cənnəti aldı,
O, qorxmaz, olsa da müflis, bu dünya fanidir, fani.

Nolardı, bircə bilsəydim: bu dünyada nəyin artar,
Yeyib-içsən gecə-gündüz şərabı, noğlu, reyhanı

Əmirə söylə, ta bilsin ki, nəfs - it, nəş - sərvətdir,
İtə həmkasə olmaqla gedər badə şərəf-şanı.

Ölər ilbiz çanağında, çıxar əfı qılafından,
İlandan kəm deyilsənsə, soyun bu rəxti-əlvanı!

Süleymanam demə, əvvəl yanından divləri rədd et,
Qov, öldür, ya tutub zəncirə çək quli-biyabanı!*

Sənin amir o ruhun ki, tapar yer baği-cənnətdə,
Çalış etmə qara nəfsi bu nurlu ruh zindanı.

Xoşa gəlməz ki, şahənşah qayıtsın şad qürbətdən,
Otursun qəsrdə rahət, unutsun yarü-əvanı.

Bu aləmdən uzaqlaş sən, o aləm dərdinə qalma,
İki aləmdən üstündür təfəkkür əhlinin canı.

İki aləm - iki gözdür tərazusunda Allahın,
Sığınmaz onlara bir əl ki, qurmuş ədl mizanı.

Kişi heç vaxt iki aləmdə mənzil fikrinə düşməz,
Ki, Mizan Nahidindir, görməz o Mizanda Keyvanı*.

Ayaq torpağını al mərdlərin, başına tac eylə,
Qızıl tac alma, vermə oğruya sən sirri-pünhanı?*

Deyil dərviş o kəslər ki, ola şah tacına məftun,
Gərək dərviş bir gözdə görə dərvişlə sultanı.

Könül sultanı dərvişlər səfində xas yer tutmuş,
Ki, şah tacından üstündür ona dərvişin astanı.

Bütün dərvişlərin şahı olubdur Əhmədi-Mürsəl,
Ki, "Nuni-vəl-qələm" "Quran"da səbt etmiş bu fərmanı*.

Əgər dərvişsən, dərvişlərin əhvalına qal ki,
Günəş üryan ikən xələtlə şad eylər çox üryanı.

Cahanda yoxsul olduqca, daha artıq səxavət qıl,
Ki, meynə doldurar zərlə payızda bağı, bostanı.

Əvəz ummaq səxavət qarşısında, bil, riyadır bu,
Verib bir dirhəmi, on dirhəm etsən borclu yəzdanı.

Bacarmaz yaxşılıq pislər, müqəssirdir buna xilqət,
İlandan bal umarlarmı, onun yoxdursa imkanı?

Arı həm bal verər, həm də, yeri düşsə, soni sancar,
Ona baxma ki, vəsfində yazılmış vəhyi-rəbbanı.

Bacarsan, olma aludə calalma bu dünyanın,
Bu murdar daşı almaqla ələ, şad etmə şeytanı.

Fəqirin xirqəsində bəxyələrdə rəmzlər vardrr,
Ki, anlar "lövhi-məhfuz"u açanlar bu müəmmanı*.

Hamı dünyaya aşiqdir, biz isə qəmdən azadıq,
İtə aşiq olanlarda gərəkdir ola it canı.

Sənə bir həftəlik bəxtin əgər yar olsa, şad olma,
Üçüncü həftədə başlar Ayın cismində nöqsanı.

Atarsa qol-budaq neysan ayında kükrəyən əncir,
Onu xoşbəxt sanma, qarşılar pəjmürdə abanı*.

Fəlakətsiz səadət umma dövranda, yəqin bil ki,
Hilal iqbalına qarşı təbiət qoydu Sərtanı*.

Düşünsən haqqını, yoxdur cahanda daimi iqbal,
Səadətdir o şey ki, bu cahanda fanidir, fani.

Həzər qıl ah oxundan gücsüzün, bil, pusquda durmuş,
Çəkər nalə zəiflikdən, vurar tuş ah peykanı.

Tökər sübhə qədər qan-yaş gözündən sel kimi məzlum,
Boğar zalımları rahət yataqda qanlı tufanı.

Əlac axtar qəza təqdirinə, sən əzdiyin aciz,
Düşübsə torpağa, ahı yıxar ərşi-müəllanı.

Salıbsan Bijəni həbsə sən, ey Əfrasiyab, yatma!
Durubdur pusquda Rüstəm əlində tiği-bürranı*.

Yatarsan məst, lakin yatmamış sən əzdiyin məzlum,
Pilə qurdu kimi sazlar sənə tor çeşmi-giryanı.

Edibsən it kimi pislik, peşiman ol, "əl-əfv" söylə,
Ki, it də eyləyər "əf-əfv" nəyin olsa peşimanı.

Qocalmışsan, ölüm vaxtı nədir, nalan olursan sən;
Doğulduqda uşaq ağlar, tutar dünyanı əfğanı.

Qoyun tək bağlamış quyruq sənə dövran, belindən at,
Onu, qoy kavü mahinin dağılsın qəsri, ərkanı*.

Sənə dayə olub torpaq, südün əmdin, əmər qanın,
Bütün qanın o süddəndir ki, vermiş dayə püstanı.

Cavanlar qanıdır, içmə, əlində tutduğun badə,
Ki, torpaq meynəlikdən qaytarıb öz içdiyi qanı.

Gözəl zalimlərin nəfsi kimi, xunxar bu dünyanı,
İçi olmuş məzarıstan, eşikdə bağlı bostanı.

Xorasan bir hərəmdirsə, Məlikşahdır ona Kəbə,
Səmərqənd bir fələkdirsə, bir ulduzdur Qədərxanı*.

Qədərxan öldü, bir gün də Səmərqənd etmədi nalə,
Məlikşah getdi, bir kəs görmədi ağlar Xorasanı.

Məlikşah "od-su" adlandı, su axdı, atəşi söndü,
Kül oldu, torpağa döndü, məkan qıldı Sifahanı*.

Vurarkən Səncərə şəbxunu Gurxan fateh adlandı,
Əcəl Gurxana şəbxun vurdu, kor oldu şəbistanı*.

Görün, Xaqaniyə hümmət necə imkan yaratmış ki,
Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqanı.