Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım

Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım
Müəllif: İmadəddin Nəsimi


Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım,
Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.

Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im,
Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım.

Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim,
Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.

Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm,
Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.

Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,
Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.

Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim,
Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.

Nəsimi çün səni buldu, kəsildi cümlə varından,
Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.