Mənimki dağa, daşa, səninki gəlsin başa

Mənimki dağa, daşa, səninki gəlsin başa
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Oğlu şəhərə iş dalınca gedən ana evdə qərar tuta bilmirdi. Gah içəri girir, gah bayıra çıxır, gözü yollarda qalırdı. Ürəyindən qara qanlar axırdı.
– Görəsən, balam necə oldu? İtə-qurda rast gəlməz, inşallah. Qaranlığa qalmadan gəlib çıxar yəqin ki?
Gəlin isə öz kefində idi. Dodaqaltı oxuya-oxuya ərinin sevdiyi yeməyi bişirirdi. Sevinirdi, əri söz verdiyi hədiyyəni bu dəfə mütləq alacaqdı.
Qaynana gəlinin kefinin kök olduğunu görüb soruşur:
– A bala, bu uşaq harada qaldı?
Gəlin deyir:
– Narahat olma, indi gələr. Mənim hədiyyəmi almaq üçün gecikir.
Qaynana deyir:
– Ay gəlin, mənim ürəyimdəki dağa-daşa, sənin dediklərin gəlsin başa!