Mənzur budur: Ol dili-divanə dağılsın
Mənzur budur: Ol dili-divanə dağılsın Müəllif: Məhəmməd Xəlifə Aciz |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Mənzur budur: Ol dili-divanə dağılsın,
Bir şanə çək ol zülfi-pərişanə, dağılsın.
Könlüm quşu seyd olmağa gər olsa muradı,
Tök tellərini, hər biri bir yanə dağılsın.
Bir daneyi-xali-siyəhin sevmədin axır,
Zahid, görüm ol səbheyi-səddanə dağılsın.
Göstər qaşını, aç ləbi-meygunə dəmadəm,
İstərsən əgər məscidü meyxanə dağılsın.
İçdikcə mənim bağrımı qan etdi bu badə,
Bir dövr elə, saqi ki bu peymanə dağılsın.
Hər cövr ki çəkdin şikəni-zülfdən,
Aciz, Sən yaz onu, qoy səfheyi-İranə dağılsın.