Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsi
Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsi Müəllif: Aşıq Heydər, Mərəndli Məşədi Muxtar |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Aşıq Heydər:
Hanı Ağbabanın uca dağları?
Bir başımdan qalxan dumana bax - bax!
Vətəndi kiridən mən tək ağları,
Sən mənim qəlbimdə gümana bax – bax!
Məşədi Muxtar:
Bir az insaf elə, ağlatdın bizi,
Yenə dərdi qoydun kamana bax- bax!
Yandırdın söz ilə mərdi odlara,
Ah çəkir Məmmədə, Zamana bax- bax!
Aşıq Heydər:
Vətən həsrətindən yanıb gül oldum,
Özüm öz dərdimə qara qul oldum.
Mərənd qucaq açdı, buna gül oldum,
Ürəyimdə qopan tufana, bax-bax!
Məşədi Muxtar:
Axı səni sevir hər kəs bu yerdə,
Yurdu itirəndən düşmüsən dərdə!
Şükür rast olubsan kişiyə, mərdə,
Bu gözəl dəmlərə, həm ana bax-bax!
Aşıq Heydər:
Dar gündə dadıma çatdı yetənlər,
Amma ki, beynimdən çıxmır ötənlər.
Ölən öldü getdi, qaldı itənlər,
Bizləri yandıran zamana bax-bax!
Məşədi Muxtar:
Mərənd mərd yurdudu, darıxıb durma!
Ay söz xiridarı, qəmə baş vurma!
Könül sarayını ahla uçurma,
Gözümdən damcı tək damana bax-bax!
Aşıq Heydər:
Ürəyim yaralı, sinəmdə od var,
Yurdun qucağında bir ayrı dad var.
İllər ayrısıyıq, qohum var, yad var,
O qaçhaqaç salan yamana bax- bax!
Məşədi Muxtar:
Dar gündə dadıma yetənlər oldu,
Mərdin harayına çatanlar oldu!
Özünü odlara atanlar oldu,
Fikirə, xəyala cumana bax- bax!
Aşıq Heydər:
Ağbaba deyəndə qəm gəlir gözə,
Vətən həsrətindən gəlmişəm dizə!
Yenə Yetim Heydər güc verir sözə,
Bəlkə gələ bir az imana bax - bax!
Məşədi Muxtar:
Muxtarı hər zaman öz yanında gör,
Dərdi gözdən itir, dəmə də yer ver.
Könlü sınaq çoxdu, bizə dayaq dur,
Gətirmə könlümü amana bax-bax!