Mərd (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mərd Müəllif: Aşıq Alı |
Məhəmmədə xaliq özü,
Göndərdi Qur'anı mərd.
Altı min altı yüz altmış ayə,
Yüz on dörd surəni mərd.
İlahidən nazil oldu,
Göydən endi dörd kitab.
O, Qur'ana baş əyənlər,
Tez tapır imanı mərd.
Beş kəlməyə aşiq olan,
Sinəsi dəftər gərək,
Haqq-taalanın min bir adı,
Dillərdə əzbər gərək,
Bu aləmə zülm eyləyən,
Olmaya rəhbər gərək.
Açıb cənnət qapısını,
Göstərdi rizvanı mərd.
Gəl, biçarə Aşıx Alı,
Xəbərdar ol dünyada.
Uca könül, alçaq saxla,
Havalanma dünyada,
Haqqın min bir adını gəl,
Gündə üç yol sal yada.
Vaqif ol, haqqın yolunda,
Gəl eylə tövbəni mərd.