Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs

Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs
Müəllif: Məhəmməd Füzuli


Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,
Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs.

Yar kuyində gər olsaydı, müsəlmanlar, yerim,
Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs.

Kuh fəryadi-sədasin verdi Fərhadın demin,
Nəqşi-Şirindir verir avaz, olub fəryadrəs.

Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə,
Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs!

Bir nəfəs qalmış həyatımdan həbibim, sübh tək,
Nola gər bir mehr göstərsən mənə axir nəfəs.

Xali etdim dil həvayi-ixtilati-xəlqdən,
Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs.

Ey Füzuli, gər sənə cəmiyyəti-dildir murad,
Bağla bir dildarə könlün, qeyrdən peyvəndi kəs.