Məsləhət ("Ağrın alım, ay Məşədi Sijimqulu")

Məsləhət ("Ağrın alım, ay Məşədi Sijimqulu")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Ağrın alım, ay Məşəd Sijimqulu,
Altmışa yetdin, demə oldun ölü,
Şükr ola Allaha, canındır sulu,
Çox da, kişi, tutma beş əlli pulu,
Ver pulunu, dadlı, ləzətli zad al!
Qoy babalın boynuma, get, arvad al!
Öz dediyindən görünür övrətin
Birdir, olur evdə fəna halətin;
Var imiş evlənməyə də qüdrətin,
Bəs niyə yox laəqəl üç külfətin?
Yoxsa qonum-qonşuda, axtar, yad al!
Qoy babalın boynuma, get, arvad al!
İndi ki, var elçi də Səfdər kimi,
Bir bala qız al boyu ər’ər kimi,
On-on iki sinndə dilbər kimi,
Zülfü qara, sinəsi mərmər kimi,
Qoy başını sinəsinə, bir dad al!
Qoy babalın boynuma, get, arvad al!
Saxlama kaftar kimi bir övrəti,
Boşla onu, basdı səni nikbəti,
Tap özünə bir sənəmi xəlvəti,
Bağrına bas yari-mələksurəti,
Sən də igidlər kimi iş gör, ad al!
Qoy babalın boynuma, get, arvad al!
Oğlun uşaqdır, hələ xamdır, naşı,
Ancaq iyirmi beşə çatmış yaşı,
Çıxmaz onun bir para işdən başı,
Neyləyir evlənməyi, atsın daşı,
Öz kefinə bax, kişi, dad ver, dad al!
Qoy babalın boynuma, get, arvad al!
And verirəm mən səni imanına,
Bağla həna rişinə, qıy canına,
Bir, iki, üç övrəti düz yanına…
Vermə zərər sərvətü samanına –
Sən nə qəzet qan və nə də "Irşad" al!
Qoy babalın boynuma, get, arvad al!
Fikr elə bir, kimdi bir arvad alan?
Rus, yəhudi! – Deyil ərzim yalan.
Ildə bir arvad alı mö’min olan,
Ləzzəti bir, feyzi də mindir, inan!
Gəlməsə bir qız bu cürə, aldad al!
Qoy babalın boynuma, get, arvad al!