Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir
Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.218. |
Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir,
Cümleyi-kainat onun pərtövünün zülalıdır.
Baxdı cahana bir nəzər şahidi-laşərikə-ləh,
Çöhrəyi qıldı vasitə, mütləq onun vüsalıdır.
Surətə düzdü mə’niyi-leysə kəmislihi, dedi:
Surəti mə’ni eyləyən qüdrəti-pürkamalıdır.
Cilvə qılıb camalını, xublara höccət eylədi,
Sün’ünə qıl müşahidə, gör nə əyan camalıdır.
Baxsa olur müayinə yüzünə bihicab, anın
Çöhrəsinin təfərrücü ne’məti-layəzalidir.
Axirətin mətainə müştəri olma, istəmə
Hər nə ki, anda var isə, cümlə bunun misalıdır.
Şükr ilaha eylərəm dəmbədəm, ey Nəsimi, kim,
Gör bu camalı la tühəb, rəhməti-zülcəlalidir.