M.Ə Rəsulzadənin Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciəti (1951)
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət (26 avqust 1951) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Mənbə: “Qafqasya” jurnalı. Münhen, №1, avqust 1951-ci il |
Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!
Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamədə özcümlə bu maddələr vardır:
- Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
- Azərbaycan dövlətinin idar şəkli xalq cümhuriyyətidir.
- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi münasibətlər qurmağa əzm edər.
- Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər.
Demokratiyanın bu yüksək əsaslarını həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərci-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabita və ədalət müəssisələri quruldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyasıyla təmasa gəlindi. Qonşularla iyi münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Amerika tərəfindən cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzalarıyla müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə Türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl ordunun üstün qüvvələrilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəsiylə savaşdı; fəqət, heyhat, məğlub oldu! Nəticədə milli ordunu dağıtdılar, milli münəvvərləri kəsdilər, milli sərvəti yağma edərək, Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləştirdilər.
Tarixin ən qəddar istibdadını quran bolşeviklər sovet rejimine utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar! Mədəni dünyadakı gerçək demokratiyalarda insan azad bir vətəndaşdır. Hər vətəndaş düşündüyünü qorxmadan söylər, yazar və bunları yeritmək üçün cəmiyyətlər qurar. Əcəba, NKVD qorxusu olmadan düşüncələrinizi açmaq cəsarətini göstərə bilirmisiniz?... Əsla! Köylülər torpağa, işçilər fabrikə zəncirlənmiş, hərəkət və səfər haqqından məhrum kölələr halındadır. Briqadirlərin əmrləri altında canınız çıxanacan çalışdığınız halda qarnınız doymur, yarıac və yarıçılpaq səfil bir həyat yaşayırsınız. Ziraət və ekonomiya sistemi məmləkətin deyil, müstəmləkəçi Moskva ağalarının mənfəətlərinə görə ayarlanır, müqəddəratınız onların keyfinə və kaprizlərinə bağlıdır. Ən böyük idarələr, bilxassə məmləkətin ana gəlir qaynağı olan neft idarəsi Moskvanın əlindədir. Cümhuriyyətin paytaxtı Bakı dövlət içində bir dövlətdir. "Baksovet"in büdcəsi Moskvada təsdiq olunur. Azərbaycan hökumətinin, Bakıya, təəllüq edən qərarları üzərində, onun veto haqqı vardır. Azərbaycan ekonomisi xalis bir müstəmləkə ekonomisidir.
Ekonomi baxımından Rusiyaya tabe olan Azərbaycan, siyasətcə dahi Moskvanın köləsidir. Sözdə müstəqil sovet Azərbaycanın idarəsi işdə tamamilə rusların əlindədir. Azərbaycanı guya idarə edən Azərbaycan kommunist partiyasının həqiqətdə Rusiya Kommunist Partiyasının vilayət şöbəsindən başqa bir şey deyildir. Ümumi katibləriniz əksəriyyətlə Moskvadan təyin olunurlar. Azərbaycan kommunist partiyasının tarixi milli əyinticilərdən təmizlənmənin tarixidir. İl yoxdur ki, partiya sıraları milliyyətçiliyə meyl edən azğınlardan, nasional-burjualardan və yabançı ajanlardan təmizlənməsin. Azərbaycanı Moskva hesabına sovetleştirmədə bu qədər xidmət ve yararlıqları keçən yerli məşhur kommunistlər belə, kommunizmin amansız düşməni millətçi-müsavatçılara qapılmışlar bəhanəsiylə təmizlənmədilərmi? Sovetlərin Azərbaycandakı icraatı qədər qanlı bir icraat təsəvvür oluna bilməz. Kollektiv ziraət planlarını baltalamaqla töhmətləndirilən köylülərin uğradıqları qanlı və amansız təqibin faciəli dastanı məşhurdur. Bu faciə hələ davam etməkdədir. Bundan başqa millətçilik, sovet əleyhdarlığı və başqa növüdən töhmətlər üzündən yapılan həbslər, sürgünlər və edamların sayı hesabı yoxdur. Bu baxımdan işçilərin halı köylülərdən geri qalmadığı kimi münəvvərlərin halı da onun kimidir.
Bütün bu hallarla bərabər barı Azərbaycan kultur həyatına əl dəyilməsə, bu sahədə olsun istiqlalınə azacıq da olsa hörmət göstərilsəydi. Heyhat, ekonomisi ilə siyasəti azad olmayan bir məmləkətin kulturunu rahat buraxırlarmı heç? Sovet istilasının qəhredici icraatı əsl bu sahədədir. Milli kulturumuz tarixi ana köklərindən, türklük və müsəlmanlıq camiəsindən tamamilə qaydırılmış, kommunizmin ideologiyasına uydurulmuşdur. "Leninin milli siyasətinə" görə kulturun içi kommunist, dışı milli olacaqdı. Azərbaycanda bu formul da dəyişdi. Yazımız rus hərflərilə yazdırılmağa başladı. İstilahlar da ruslaşdırıldı. Tarix anlayışı bolşevik partiyası tarixinin dar çərçivəsi içinə alındı. Milli ənənələr, bayramlar mən edildi. Artıq hər şeydə, içdə də, dışda da, mənada da, ləfzdə də rus kommunizmi bir nümunə oldu. İndi böyük rus millətinə yumaq, ona sitayiş etmək bolşevizmin dini fərizələrindəndir. Çarlıq Rusiyasında olduğu kimi, bolşevik Rusiyasında da ruslaşdırma dəyişməyən bir siyasətdir. Milli kultur qüvvətlərimiz amansız surətdə məhv edilir, ən böyük şairlərimiz, ən böyük mühərrirlərimiz, ən məşhur və sevimli camaat adamlarımızın adları artıq söylənməz oldu. Hamısı ya sürüldü, ya öldürüldü. Yeganə qəbahətləri milli kulturuna bağlı qalmaqdı. Müstəqil bir millətin azad oğlu qalmaq cəsarətini göstərmək indi ölümlə cəzalandırılan ağır bir günahdır.
Bütün bu təcavüzlərin yanında millətin dini müqəddəratına yapılan təcavüzləri də unutmamalıyıq, məscidlərin anbar və samanlıq halına gətirildiyi ilə hakimi din adamlarının mənəvi işgəncələrə tutulduqları məlumumuzdur. Halbuki, mədəniyyət dünyası belə bir təcavüzə təhəmmül etməz. Bu dünyada insan ilə Allahı arasındakı münasibətə müdaxilə etmək kimsənin həddi deyildir. Vicdan hürriyyəti, insanın əlindən alınmayacaq müqəddəs bir haqdır.
Əziz vətəndaşlar, bilirəm ki, aranızda azad yaşayan, nə fikir, nə sənət, nə siyasət, nə də din adamı yoxdur. Bunlar ya şəhadət camını içmiş, ya da nəticəsi ölümlə bitəcək sovet sürgün düşərgələrində təhəmmül edilməz şərtlər içində son günlərini yaşayırlar.
Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Çevrənizdə sizi dış aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı, bolşevik propaqandaçıları, sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayın qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz özlərini idarə edirlər. Məsuddurlar. Azaddırlar. Demokrasi idarəsi hər cürə qorxudan və zorlamadan azad bir idarə sistemidir. Bütün bu dünya bu sistemə tabe olmadıqca, insanlıq rahatlıq üzü görməyəcəkdir. Bolşevizmin faşizmdən geri qalmayan, demokratikliyi danan qəddar və zalım rejimi baqi qaldıqca, nə insanlara azadlıq, nə də millətlərə istiqlal nəsib olmayacaqdır.
Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan hürriyyət bəyannaməsi elan etmişlərdir. Bütün dünyanın səadəti kimə, Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal!