M.Ə Rəsulzadənin Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciəti (1952)
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət (28 may 1952) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Mənbə: “Qafqasya” jurnalı. Münhen, №11-12, 1952, səh. 43-45. "Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu" (PDF) (az.). Fuad Cabbarov. 23.11.2018 tarixində arxivləşdirilib (PDF). Xitab çağdaş ədəbi dilə uyğunlaşdırılıb. |
Əziz vətəndaşlar!
Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.
Bu əzmi ona oyanan tarix təlqin edirdi. Mənsub olduğu türk və müsəlman mədəniyyətindən böyük ölçüdə faydalanan Azərbaycan bu mədəniyyətə öz tərəfindən daha da böyük dəyərlər əlavə etmişdir. İran ədəbiyyatına Nizamilər, türk ədəbiyyatına Nəsimilər və Füzulilər verən Azərbaycan oyanan çağdaş Şərqə də Mirzə Fətəli Axundzadələr kimi dahilər bağışlamışdır. Məmləkətin hər tərəfini bəzəyən memarlıq abidələri böyük keçmişimizin dəlilləridir.
Tarixdə böyük istilalara qarşı mətanətlə duran Azərbaycan Şirvanşahlar, Atabəylər və xanlıqlar dövründə siyasi istiqlalına malik olmuş və bu yolda qəhrəmanlıqlar göstərmişdir.
Azərbaycanın 19-cu əsrin əvvəllərində Rusiya çarlığına qarşı etdiyi mücadilə isə həyacanlı səhnələrə malikdir. Cavad xanın rus istilaçılarına qarşı “Ölmək var, dönmək yoxdur” deyə şəhid olması Azərbaycan mərdliyinin bir rəmzidir.
Tarixin hər dövründə qabaqcıl fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi.
Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan İstiqlal Bəyannaməsindəki ana prinsiplər üzərinə quruldu. Bu prinisplərə görə:
1. Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tamhüquqlu bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə ətrafdakı qonşu millət və dövlətlərlə səmimi münasibətlər qurmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlara siyasi və mədəni hüquqlar təmin edəcək.
İnsanlıq tarixinin qabaqcıl fikirlərini təşkil edən bu əsasları həyata keçirmək üçün fəaliyyətə başlayan milli Azərbaycan hökuməti iki il yaşadı. Bu qısa müddətdə o, məmləkətdə əsgəri, idarəetmə, iqtisadi, ictimai və mədəni müəssisələr vücuda gətirdi. Yüz ildən bəri əsgərlikdən məhrum edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında idarəçiliyə yaxın buraxılmayan azərbaycanlılardan zabit qüvvələri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Xalqı öz dilində oxutmağa başlayaraq türkcə məktəblər açdı. Türkcəni dövlətin rəsmi dili etdi. Orta və ali məktəbləri türkləşdirdi. Hökumət idarəsini Qərbi Avropa üsulunda qurdu. Hökumət Millət Məclisi qarşısında məsul idi. Milli hakimiyyət Məclisin əlində idi. Qonşu və Avropa dövlətləri ilə yaxşı münasibətlər təsis etdi. Nəhayət, böyük Avropa dövlətləri ilə Birləşmiş Amerika Ştatları tərəfindən Azərbaycan dövlətinin istiqlalı tanındı.
Çarlığın yerini tutan bolşeviklər Rusiya imperatorluğunu yenidən diriltməyə başladılar. Lenin və Stalin imzaları ilə bütün məhkum millətlərə tam istiqlal vəd etdikləri halda, bunlar qurtulan millətləri yenidən Rusiya həbsxanasına girmək üçün zorladılar. Bu məqsədlə hər tərəfdə təcavüzə keçən Qırmızı Ordu Şimali Qafqaz cümhuriyyətlərini işğal etdikdən sonra Azərbaycana soxuldu. 27 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti məlum şəkildə sovetləşdirildi. Bir ay əvvəl bolşeviklər bu bədnam istila hadisəsini, hürriyyətdən məhrum olan sizlərə bir istiqlal hadisəsi kimi göstərdilər.
Azərbaycan milləti qırmızı Rusiyadan gələn bu təcavüzə qarşı çıxdı. Qanlı üsyanlar hər tərəfi bürüdü. Moskva cəlladları bütün bu üsyanları bolşeviklərə məxsus bir vəhşiliklə yatırdılar.
Azərbaycandan sonra sıra Ermənistana, ondan sonra da Gürcüstana gəldi. Qafqaz qanlara boyandı. 1918-də çar istilasından qurtulan Qafqaz 1920-də qırmızı Rusiyanın əlinə keçdi.
Qafqazdakı üsyan hadisələrində Azərbaycan, Ermənistan, Şimali Qafqaz, Gürcüstan mücahidləri arasında məmnunluq verən bir həmrəylik görüldü. Bunu sovet qəzetləri ilə rəsmi natiqlər belə qeyd etmək məcburiyyətində qaldılar. Bu birlik xaricdə fəaliyyətdə olan Qafqazın siyasi rəhbərləri tərəfindən dəstəklənməkdədir.
Dünya inqilabından bəhs edən Moskva diktatorları ikiüzlü yalançı şüarları ilə dar dünyagörüşlü bəzi adamları asanlıqla ovladılar. Fəqət sonra görülən işləri görüb aldandıqlarını anlayan bunlardan bir qismi moskvalı yoldaşlardan üz çevirdilər. İstiqlalçı demokrat zümrəyə haqq verdilər. Moskva ağaları bunları da “inqilab düşməni” dedikləri milliyyətçi “müsavatçılar” cərgəsində tutaraq milli təmayülçülükdə günahlandırdılar və məhv etməyə başladılar. Belə ki, indi həqiqi milliyyət, demokratiya və istiqlal şəhid və məzlumları cərgəsində vaxtilə məmləkətin sovet istilasına düşməsində rolları olan adamların da adı vardır.
Qırmızı istilaya qarşı davam edən mücadilə ələlxüsus milli mədəniyyət sahəsindədir. Məmləkətin yalnız siyasət və iqtisadiyyat baxımından deyil, mədəniyyət baxımından da sovetləşdirilməsinə, yəni ruslaşdırılmasına qarşı aparılan sarsılmaz mücadilədə verilən qurbanların siyahısında məşhur şairlərimizin, mühərrirlərimizin, böyük mədəniyyət adamlarımızın adları vardır. Bunların və bunlarla bərabər istiqlal mücadiləsində şəhid düşən bütün qəhrəmanlarımızın əziz xatirələrini sonsuz hörmət və sevgi ilə yad edirik. Bu vətən və istiqlal şəhidlərinin qanı əlbəttə ki, yerdə qalmayacaq!
Əziz vətəndaşlar!
Otuz iki ildən bəri vətənimizə qonan qırmızı canavar tarixdə görülməyən zalım və qanlı bir qüvvədir. Hər cür insani hisslərdən məhrum olan bu vəhşi qüvvə müxaliflərini amansızca əzən bir zorbadır. Zorbadır, fəqət böyük deyildir. Böyüklük mənəvi qüvvət sahiblərinin sifətidir. Bolşevik istibdadı isə bu sifətdən məhrumdur. Bu sifət yalnız hürriyyət, ədalət və insaniyyət əsaslarına dayanan bir iman hərəkatına verilə bilər. Bu isə hürriyyət və istiqlal hərəkatıdır.
Dünya mədəniyyəti bir bütündür; dünya tarixi bu bütünün ən sonda hürriyyət və istiqlal fikrinin qəti zəfərinə doğru irəliləyən hərəkatın tarixidir. Amerika İstiqlal Bəyannaməsində mövcud olan bu fikir zamanəmizdə Atlantik Xartiyası ilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində də yer almışdır. Mədəni insanlığın mənimsədiyi mənəvi ideallara zidd bolşevik materializmi yıxılmağa məhkumdur. Tarixdə görünən bütün istibdadların aqibəti Stalin istibdadı üçün də qaçılmazdır. Hitlerin düçar olduğu fəlakətdən o da yaxasını qurtara bilməyəcəkdir.
Bizim nəsil demokratiya ilə istibdad sistemi arasında dünya ölçüsündə cərəyan edən toqquşmanın iki dəfə şahidi oldu və hər dəfə demokratiyanın qələbəsini gördü. İndi dünya yenidən iki cəbhəyə bölünmüşdür. Bir tərəfdə sovet diktatorluğu, bir tərəfdə də hürriyyət sevən millətlər birliyi durmaqdadır. Dünya ya kommunist diktatorluğuna tabe bir əsarət ya da demokratiya əsaslarına söykənən bir hürriyyət dünyasını seçməlidir.
Azərbaycan milləti qarşılaşan bu iki dünya arasındakı yerini bundan 34 il əvvəl möhkəmləndirmiş, hürriyyət və istiqlal bayrağını yüksəltmişdir.
Bu bayraq hər nə qədər bu gün Azərbaycan üfüqlərində görünmürsə də, onun rəmzləndirdiyi məna bütün könüllərdə alışır. Atəşli şairimiz Gültəkin bu fikrə nə gözəl tərcüman olmuşdur:
İstiqlal, o sönməyən müəbbəd (əbədi) bir məşələ (məşəl),
Könüllərdə tutuşar (alışar), gözlərdə sönsə belə!
Könülləri 28 may fikrinin nurları ilə aydınlanan sizləri, bu fikrin maddi simvolu olan üçrəngli istiqlal bayrağını yaxalarında gəzdirən Vətəndən ayrı bütün azərbaycanlılar adından candan salamlayıram.
Şübhə yoxdur, vətəndaşlar, bir gün gələcək, hürriyyət cəbhəsi müzəffər olacaq. O zaman içəridə və xaricdə həsrət və acılar duyan bütün azərbaycanlılar İstiqlal bayramını şadlıqlar və şənliklər içində bayram edəcəklər.
Yaşasın hürriyyət dünyasının zəfəri!
Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti!