M.Qurbanəli Şərifzadə

M.Qurbanəli Şərifzadə (1917)
Müəllif: Hüseyn Cavid
“Açıq söz”, 9 iyun 1917
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Nekroloq

Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü. Qafqasyanın bir çoq mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaqından tanır və tatlı müsahibələrindən xoşlanırdı. Halbuki camaatımız ümumiyyət e’tibarilə müşarileyhi pək də layiqilə tanımazdı. Mərhum vaqtında bir çoq qəzetələrdə iştirak edər, bə’zi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhu ilə kəndi irqdaşlarını düşünüyordu. Lakin bir dürlü səsi çıqmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı. “Sağ əlinlə verdiyini sol əlin duymasın!..” – üsuluna ən çoq riayət edən sadiq, fədakar həmiyyətli bir sima idi. O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən artıq mə’lumata malik idi. Hiç bir mədrəsə tərbiyəsi görmədiyi halda, mərhum kəndi himmət və qeyrətilə, kəndi səbat və mətanətilə türkcə, farsca, rusca oqur-yazardı; tətəbbö və mühakimələrdə bulunardı. Bir an, əvət, bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı. Onda son dərəcə böyük bir iste’dad və məziyyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olması idi. Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşünən, ülum və maarifi təqdir edən bir çoq gənclər gerçəkdən də mərhum müşarileyhə qarşı mədyuni-şükran olmalıdır. Çünki hər biri onun birər mə’nəvi şagirdidir. Naxçıvan kiçik bir şəhərdir. Kəndisi də maarif hissinə olduqca biganə və əskidən bəri səfsətələr ilə vaqt keçirən bir mühit olduğundan daima xalqın gözünə qara pərdə çəkməkdən zevq alan bir taqım gevşək ruhlu, qara fikirli, kor idraklı əşxasın əlində oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Naxçıvandakı gənc simalar yalnız və yalnız Şərifzadə və onun kibi bir qaç həqiqətpərvər zəvat sayəsində cəhalət qaranlığından qurtuldu, qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını dərk etməyə müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olar ki, Qafqasyanın digər şəhərlərinə nisbətən pək də geridə olmayıb, az-çoq düşüncəli, mühakiməli, ziyalı similar yetirmək ümidini bəsləməkdədir. Mərhum zəngin bir ailəyə mənsub deyildi, yoqsul gənc ikən Naxçıvanı tərk etmiş, Bakıya gəlmiş, Türküstana keçmiş, yeni işlədilməkdə olan dəmir yollarında çalışmış, biriki sənə zərfində kəndi e’tibar və səbatı sayəsində mə’ruf bir mütəəhhid kəsilmiş və böyük rollar ifa etməyə başlamışdır. Mumileyh beş arşın yeri ölçər, onu islah və tənzim etdirməklə məşğul olarkən, yanındakı mühəndislərdən istifadə etməyi də əsla unutmaz. Cəbr, həndəsə, müsəlləsat, kosmoqrafiya və sair ülumi-riyaziyəyi təəllümlə, mühakimə və tətəbbö’lə uğraşır, eyni zamanda həm əmələ, həm mühəndis, həm də mütəfəkkir bir alim həyatını yaşardı. Qazandığı paralarla müvəffəq olaraq evdə istirahətə çəkilir, bir taqım elmi, ədəbi, tarixi kitabları mütaliə və mühakimə ilə iştiğal edərdi. Və aldığı, topladığı mə’lumatı həqiqi bir el müəllimi kibi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara duyururdu, duyurmaq istiyordu. İştə ondan Naxçıvana, Naxçıvan gənclərinə toqunan istifadə də böylə, tə’til zamanlarında vüqu buluyordu. Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir piri-möhtərəm idi. Mütəvəffa, sərətan (xərçəng) xəstəliyindən tərkihəyat etmiş... Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorqunc dərd pək də çəkilir dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı və məraqlı bir zamanda əbədiyyən cihana, cihani-hürriyyətə vida etməsidir. Uzun illərlə həbsxanə guşəsində, işgəncələr altında çırpınan, müdhiş və qaranlıq zindanlardan qurtulmaq həvəsilə uçan bir məhbus, fədakar bir mücahid həbsxanənin qapıları açılıb da hürriyyət və inqilab ağuşuna atılacağı sırada tərki-həyat edərsə, əcəba nələr duyar, nasıl müztərib olur! Nə vəziyyətdə bulunur, nasıl mütəəssir olur?! İştə mərhum müşarileyhin halı da eyni məhbus halını xatırlatır. Cənabi-Haqq ruhi-nəcibinə rəhmət, evlad və ailəsinə, əhibba və əqrəbasına səbr və mətanət kəramət eyləyə...

Hüseyn Cavid

Qeydlər redaktə