Mahmudum
Müəllif: Şımpırlı Sevgili
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Kəfən qara, canım bəyaz,
Dolan belimə, Mahmudum.
Əcəl öldürməz məni,
Ağla halıma, Mahmudum.

İlqarın buza dönübdü,
Gülün yarpıza dönübdü.
İlin payıza dönübdü,
Qayıt elinə, Mahmudum.

Haqq didarın görməzsənmi?
Sevgiliyə varmazsanmı?!
Qönçə-qönçə dərməzsənmi?!
Solan gülünü, Mahmudum?