Mahnı oxuyan paxla

Mahnı oxuyan paxla
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kənddə bir kişi və onun A-tu adlı oğlu var idi. Onlar öz kiçik tarlalarını əkib-biçərək onunla dolanardılar. Onlar hava balaca işıqlaşandan bir dəqiqə belə başlarını qaldırmadan, bellərini düzəltmədən tarlada işləyərdilər. Buna baxmayaraq, yenə də bir qarnı ac, bir qarnı tox yatardılar. Kişi çox qocalmışdı. A-tu da çox balaca idi. A-tunun işlətdiyi toxa özündən azı üç dəfə böyük olardı.

Bir dəfə tarlada paxlaları yetişmişdi. A-tu xörək bişirmək üçün bir az paxla dərdi, gəlib evin kandarında oturaraq bunları təmizləməyə başladı. A-tu paxlaları təmizləyə-təmizləyə oxuyurdu:

– Göy, yaşıl, qırmızı paxlalar. Ay-ay, qırmızı paxlalar!

Birdən bir səs gəldi:

– Qırmızı paxla olmur.

A-tu başını qaldırıb heç kəsi görmədi. O tərəf bu tərəfə baxdı, heç kəs yox idi.

“Əh, yəqin ki qulağım səsə düşdü”, – deyə A-tu düşünərək yenə də paxlaları təmizləməyə başladı.

– Ay-ay, göy paxlalar! Ay-ay, qırmızı paxlalar! – deyə o, oxumağa başladı.

– Qırmızı paxla olmur, – deyə əvvəlkindən də aydın eşidilən həmahəng səs gəldi.

A-tu bərk təəccübləndi. Yenə o tərəf bu tərəfə baxdı, qapının dalına baxdı ki, bəlkə orada birisi gizlənib, ancaq yenə də heç kəsi görmədi.

– Qəribədir, axı, danışan kimdir?!

– Dou-er-paxladır, – deyə A-tunun qulağına səs gəldi.

– Sən haradasan? – deyə A-tu soruşdu.

– Burada ən böyük qının içindəyəm.

A-tu tez ən böyük paxla qınını axtarıb tapdı, onu bölmək istəyirdi ki, o özü çırtlayıb açıldı və içindən balaca bir adam yerə atıldı. Bu adamın boyu çeçələ barmaqdan böyük olmazdı. Bunun dərisi ağappaq qar kimi idi, qalan hər yeri: saçı, qaşı, kirpiyi yaşıl idi, hətta gözləri də yaşıl idi. Əynində yaşıl paltarı var idi, ayağında, paltarı kimi yaşıl ayaqqabı var idi.

A-tu qorxusundan hətta atılıb-düşdü. O, ömründə birinci dəfə idi ki əcaib şey görürdü. Bir xeyli keçəndən sonra, özünə gəlib soruşdu:

– Sən eləcə qının içində olursan?

– Bəli, – deyə paxla cavab verdi. – Mən həmişə ən böyük paxla qınının içində oluram.

– Sən orada nə edirsən?

– Mahnı oxuyuram.

Bu A-tunun çox xoşuna gəldi, o, dedi:

– Nə yaxşı oldu! Mahnı oxunanda mənim çox xoşuma gəlir. Mən indi bu paxlaları təmizləyəcəyəm, sən də mənim üçün oxuyarsan.

A-tu paxla qınlarını təmizləməyə başladı. Paxla isə oxumağa başladı:

Təmizləyib qızardarsan paxlanı,
Nuş olsun, ye, ye, paxladan doyunca!

Paxla nəğmə oxuyan kimi A-tu özündə görünməmiş qüvvət hiss etdi, barmaqları tez-tez işləyirdi və səbət bir göz qırpımında təmizlənmiş paxla ilə doldu.

– Çox əcəb! – deyə heyrətlənmiş A-tu öz-özünə pıçıldadı.

– Paxla, səndən xahiş edirəm, gəl bir yerdə yaşayaq.

– Yaşayaq, – deyə paxla cavab verdi. – Ancaq başın necə qarışıq olsa da, məni yaddan çıxarma, mən də sənin üçün nəğmə oxuyaram.

O biri gün A-tu paxlanı cibinə qoyub atası ilə biçinə getdi. Onun əli sünbülə toxunan kimi, paxla astadan oxumağa başladı:

Yığıb sarı buğdanı, tökərik dəyirmana
Yığıb sarı buğdanı bişirərik qoğallar.

A-tu, paxlanın mahnısını eşidən kimi özündə qəribə bir qüvvət hiss etdi. Onun hərəkəti, dağdan əsən şiddətli külək kimi iti idi, işi də əvvəlkindən iki qat artıq gedirdi. Həmişə onu ötüb keçən atası, indi ona çata bilmirdi və bunun üçün də qocalığından şikayət edirdi.

İki gündən sonra A-tu atası ilə yeri belləməyə getdi. O, paxlanı yenə də cibinə qoydu. A-tu toxanı əlinə götürən kimi paxla oxumağa başladı:

İşləyirik yenidən, deyirik: bir, iki üç!..
Yumşaldırıq torpağı, qolumuza gəlsin güc!..

Keçən dəfə olduğu kimi, bu dəfə də mahnının səsini eşidən kimi iki qat cəld işləməyə başladı. Atası isə heç cür ona çata bilmirdi. A-tu həmin il, hansı işdən yapışırdısa, o işi əvvəlkindən iki qat artıq və cəld görürdü, ona görə də onlar məhsulu həmişəkindən iki qat artıq yığdılar. Anbarları taxılla ağzınacan dolu idi, əkdikləri badımcan balqabaq boyda, balqabaq kudu boyda, kudu isə çəllək boyda yetişdi.

Atası göyün xeyirxahlığını tərifləyirdi; ona elə gəlirdi ki, havalar bu il yaxşı keçib, məhsul da yaxşı bitib.

Gələn il paxla dəyən vaxt, A-tu onları yığıb evlərinin kandarında təmizləyəndə yoldan keçən bir avara, A-tuya yaxınlaşdı. A-tunun qabağında görünməmiş iri paxlaları görüb, çox təəccüb etdi və ondan soruşdu ki, bunları necə əkib-yetişdiriblər.

– Biz yeri yaxşı belləmişdik, – deyə A-tu cavab verdi. – Özləri bitib, özləri gül açdılar, özləri də böyüyüb bu boyda olublar.

– Öz-özünə bu cür ola bilməz, – deyə avara səsləndi. – Burada sehrbazın əli var.

– Hansı sehrbazın? Mənim ancaq mahnı oxuyan paxlam var, – deyə A-tu cavab verdi.

– Mahnı oxuya bilir? Adicə paxladır? – deyə avara təəccüb etdi.

– Yox, adi paxla deyil! Bu, ən böyük paxla qınında olandır.

– Fərsiz! Sehrbaz elə budur də! Sən hələ bir paxla da təmizləyirsən! Ürəyin istəyən hər bir şeyi ondan ala bilərsən!

Avara, fürsət tapıb A-tunun oxuyan paxlasını oğurladı. Oğurluq da ki, bunun əlindən gəlirdi: avaraların işi-peşəsi, oğurluq etmək və başqasının zəhməti ilə yaşamaqdır.

Avara, qaçıb evinə gələrək paxlanı stolun üstünə qoyub bərkdən çağırmağa başladı:

– Ey paxla, çıx görək!

Paxla qını açıldı, balaca adamcığaz stol üstünə hoppandı. Onun dərisi zərif və qar kimi ağappaq idi.

– Tez mənim üçün iri bir ev tikdir! – deyə avara onun üstünə qışqırdı.

– Sonra nə istəyirsən? – deyə heyrətlənmiş paxla soruşdu, dərisi saraldı.

– Sonra rahat bürünc bir çarpayı, çoxlu qəşəng paltar, sonra da istəyirəm ki... – deyə avara güclə yadına salmaq istəyirdi...

– Dadlı balıq, şirin meyvələr, qoğal istəyirəm.

– Sonra nə istəyirsən? – deyə heyrətlənmiş paxlanın dərisi yaşıllaşdı.

– Bir kisə ağzınacan dolu qızıl! – deyə nəhayət avaranın yadına düşdü.

– Bunlar sənin nəyinə lazımdır?

– Nəyə lazımdır? Mən qəşəng paltar geyərəm, dadlı xörəklər yeyərəm, bürünc çarpayıda uzanaram, başqalarına da əmr edərəm ki, mənim üçün işləsinlər.

– Bəs onda sənin əllərin və ayaqların nə edəcək? – deyə paxla ondan soruşdu. Paxlanın rəngi dərd-qəm rəngi olan kül rəngi almışdı.

– Mənim üçün başqaları işləyəcək, mənim də hər şeyim olacaq, daha öz əlim və ayağımla iş nə üçün görüm?

Paxla düşünüb dedi:

– Yaxşı. Toxanı götür, dalımca gəl. Sən orda – yerdə arzuladığın hər şeyi taparsan.

Avara üstünü sıx hörümçək basmış toxanı götürdü, paxlanı cibinə qoyub çölə getdi.

– İndi toxanı qaldır.

Avara toxanı qaldırdı, əmin idi ki, indicə toxanı yerə vuran kimi içi qızılla dolu küp çıxacaq; paxla isə belə oxudu:

Yuxarı qalx, ey toxa,
Aman vermə torpağa!
Qonaq gəlib bir tənbəl,
İşi qoy olsun əngəl!

Avara ömründə birinci dəfə əldən-dildən düşənədək işlədi. Onun əlləri toxanı özü qaldırıb düşürürdü, heç cür dayana bilmirdi. Yeri toxaladı, toxaladı, qızıl isə heç görünmürdü.

– Bəs qızıl hanı? – deyə soruşdu.

– Bir az da səbr elə, – deyə paxla cavab verib oxumağında idi.

Avaranın qolları lap düşürdü, ancaq yumşaldılmış torpaq və soxulcandan başqa heç nə, qızıl-zad görünmürdü. Avara yalvarıb-yaxardı ki, ona rəhm etsin:

– Rəhmin gəlsin, ay paxla, daha oxuma!

– Fərsiz adam, işləməyə öyrəş, – deyə paxla o vaxtacan oxudu ki, avara yerə yıxılıb daha tərpənə bilmədi.

Paxla da elə yox oldu ki, elə bil heç vaxt olmamışdı. Avaranın sür-sümüyü günlərlə ağrıdı, ancaq o, yenə də tarlaya gedirdi. O, özü paxlanın nəğməsini oxuyaraq bütün baharı tarlada işlədi: yaman istəyirdi ki, qızıl tapsın. Doğrudur o, nə qızıl küpünü, nə bürünc çarpayını tapdı, ancaq bunların əvəzində payızda məhsul yığdı, onun çoxlu qəşəng paltarı və dadlı yeməkləri oldu.

Deyirlər ki, o vaxtdan bəri avara həmişə nəğmə oxuyur, ancaq o qabaqlar ağzını yemək və əsnəmək üçün açardı.

Bəs A-tu və onun qoca atası necə oldular?

A-tu öz balaca dostunu itirdikdən sonra uzun müddət qəmqüssəyə batdı. Paxlanın nəğməsi olmadan işləmək onun üçün çox ağır idi. Bir dəfə A-tu, güclə ağır toxanı qaldıranda birdən paxlanın nəğməsini oxumağa başladı:

İşləyirik yenidən, deyirik: bir, iki, üç!..

İndi A-tu işləyəndə həmişə paxlanın nəğməsini oxuyur. O elə istəyir ki, ən böyük paxla qını yetişdirə bilsin, oradan Doueri tapıb qoca atasının dağlardan çırpı yığmasına kömək edən nəğməni ondan soruşsun.

Yaxşı, görəsən A-tu belə bir paxla qını yetişdirə bildimi? Əlbəttə, nəğmə ilə, özü də sehrli nəğmə ilə hər şey etmək olar. Siz, soruşarsız ki, bəs şən Dou-er indi hardadır? O, həmişəki kimi ən böyük paxla qınındadır, çünki ən iri paxla qını ancaq zəhmət sevən adamların tarlasında yetişir.