Maral bulağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir zamanlar bizim meşələr marallar, ceyranlar oylağı imiş. Uzaq-uzaq ellərdən də bura ova gələrlərmiş. Bir gün bura bir mahir ovçu gəlir. O, gündə neçə günahsız qana bais olurmuş. İsti günlərdən biri imiş. Ovçu çoxdan bəri axtardığı bir ana maralın izinə düşür. Deyilənə görə, elə gözəl heyvan yox imiş. Ovçu onu bulağa su içməyə enəndə vurur. Köksündən yaralanmış maral çırpına-çırpına həsrətlə gah suya, gah da meşəyə baxır. Onun başını kəsmək istəyən ovçu maralın gözlərindən axan yaşı görüb sarsılır. Maralın baxdığı səmtə çevriləndə anasına doğru boylanan bir cüt bala görür. Əməlindən peşman olub, bir də ovçuluq etməyəcəyinə and içir. Maralı həmin yerdə basdırır. Üstünə nişanə üçün bir ağac sancır. Səhərə yaxın kəndin əhalisi bulağın başında bitmiş qollu-budaqlı çinarı görüb heyran qalır. Hamı bu möcüzənin tamaşasına çıxır. Baxırlar ki, köhnə çinar quruyub, ondan azacıq aralı kiçik təpəciyin yanında isə bir cüt bulaq əmələ gəlib. Ucalan çinar da hər iki bulağın ortasında bitib. Ovçu əhvalatı söyləyir. Bunu hərə bir yerə yozur. Elə o vaxtdan da bulağın adı “Maral bulağı” adlanır. Deyilənlərə görə, indi də hər günorta Maral bulağına bir cüt maral enib su içir. Heç kəs də onlara dəyib dolaşmır.

Mənbə

redaktə