Maraq
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dəmir pəncərədə qalmış gözlərim,
Araram fəzada son qismətimi.
Od saçar ağzımdan çıxan sözlərim,
Hiss edərmi göylər fəlakətimi?
Göriin gözlərimə, sən ey gələcək,
Görün ki, tükəndi, qalmadı səbrim.
Qaldır pərdələri ey çərxi-fələk,
Nə gözləyir məni, yoxdur xəbərim.
Söylə ki, nəsibim, müqəddəratım,
Hansı əllərdədir? Tanıtdır mənə.
Yəni vicdan varmı, ya ki, həyatım
Qatacaq göz yaşı dərinliyinə?
1937, Bayıl həbsxanası