Maxilaropiyadan gəlmiş xalçaçı

Maxilaropiyadan gəlmiş xalçaçı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Hindistanın cənub tərəfində yerləşən Maxilaropiya şəhərində Saqaradatta adlı bir xalçaçı yaşayırdı. O, çox gözəl xalçalar toxuya bilirdi. Ancaq əli çox asta idi, – ildə bir xalça toxuyub qurtara bilirdi, ona görə də az pul qazanırdı. Bir dəfə, Saqaradatta ən gözəl xalçanı toxuyub qurtaranda onun dəzgahı sındı.

O, çox kasıb idi, ona görə də oturub çox ah-uf eləmədi və bəxtindən şikayətlənmədi, baltanı götürüb təzə dəzgah üçün bərk ağac axtarmağa getdi.

O, çox ağaclara baxdı, axırda dənizin lap qırağında bitən uca samşit ağacını gördü.

– Bax, elə mənə də belə ağac lazımdır, – deyə xalçaçı sevindi.

Saqaradatta baltasını götürüb, ağacı doğramaq istəyirdi ki, birdən bir səs gəldi:

– Dost Saqaradatta, bu ağaca rəhmin gəlsin!

– Mənimlə danışan kimdir axı? – deyə xalçaçı təəccübləndi.

– Mənəm, meşə cadugəri. Bu ağac mənim evimdir. Sən bu ağacı nə üçün doğramaq istəyirsən?

Saqaradatta çox qorxdu, ancaq sınan dəzgahını yadına salıb meşə cadugərinə dedi:

– Əgər mən təzə dəzgah üçün yaxşı ağac tapmasam, onda xalçanı toxuyub qurtara bilmərəm ki, satım. Onda mənim ailəm ac qalar. Yaxşısı budur ki, sən başqa yerə köç, mən bu samşit ağacını sındırım.

– Yox, sən bu ağaca toxunma! Mənim üçün burada lap yaxşı keçir. Külək dənizdən birbaş bura vurur, hətta ən isti vaxtlarda belə mənə sərin olur. Yaxşısı budur ki, sən məndən ürəyin istədiyi şeyi xahiş elə, mən də sənin xahişini yerinə yetirim! – deyə meşə cadugəri təklif etdi.

Saqaradatta fikirləşdi, onunla razılaşdı, ancaq dedi ki, əvvəl gərək gedib arvad ilə məsləhətləşməlidir.

Yolda Saqaradatta tanış dəlləyə rast gəldi.

– Hara tələsirsən, dostum? – deyə dəllək ondan soruşdu.

– Ah, sən allah, məni saxlama! Mən meşə cadugərinə qalib gəlmişəm. İndi arvadın yanına tələsirəm. Onunla məsləhətləşim ki, meşə cadugərindən nə istəyək.

– Əgər belədirsə, ondan padşahlıq istə! Sən padşah, mən sənin vəzirin olaram. İkimiz də dünyanın naz-nemətlərindən dadıb keyf edərik.

– Bəlkə də sən haqlısan, – deyə xalçaçı cavab verdi, – ancaq gərək əvvəlcə arvadla məsləhətləşəm.

– Dostum, sən nə danışırsan? Arvadla da məsləhətləşərlərmi?

– Bəlkə də sən düz deyirsən, ancaq mən necə olsa gərək arvadla məsləhətləşim.

Saqaradatta bu sözləri deyib evinə tələsdi.

– Mənim əzizim, biz meşə cadugərindən nə istəyək?! – deyə Saqaradatta arvadından soruşdu. – Dostum dəllək deyir: “Padşahlıq istə”.

– Sənin dəllək dostun nə axmaq adamdır!? Ona qulaq asma! Məgər sən özün bilmirsən ki, padşahların günü ürək ağrısı ilə keçir. Axı onu yaltaqlar və satqınlar əhatə etmiş olur. Yox, belə həyada xoşbəxtlik yoxdur.

– Arvad, doğru deyirsən, yaxşı, bəs onda nə istəyim?

– Sən dünyada hər şeydən, hətta məndən də çox nəyi sevirsən? Xalçaya cürbəcür butalar salmağı sevmirsənmi?

– Hə, hə, sən düz deyirsən, mənim əzizim!

– Hamı sənin işini tərifləyir və xalçanı həvəslə alırlar. Ancaq sən ildə bir xalçadan artığını toxuya bilməyirsən! Ona görə də biz çox yoxsuluq. Sən meşə cadugərindən belə bir dəzgah istə ki, o sən istədiyin qədər xalça toxuya bilsin və onlara ən gözəl naxışlar sala bilsin.

Saqaradatta arvadı ilə razılaşıb, birbaş dəniz qırağına, meşə cadugərinin yanına getdi. O, getdikcə, evdən uzaqlaşdıqca ürəyi daha bərk ağrıyırdı.

“Yaxşı da, tutaq ki, meşə cadugəri mənə belə bir sehrli dəzgah verdi, – deyə öz-özünə düşündü, – onda dəzgah özü toxuyub, özü buta salacaq, bəs mən nə edəcəyəm?.. Xalçaları satıb pul yığacağam?”

Onun ürəyi elə ağrıdı ki, meşə cadugərinin yanına gələndə dedi:

– Sənin heç bir şeyin mənə lazım deyil! Əgər bu ağacı doğramağa icazə vermirsənsə, onda köhnə dəzgahı təmir etməkdə mənə kömək elə.

– Yaxşı, sən deyən olsun. Mən sənin xahişini yerinə yetirərəm, – deyə meşə cadugəri cavab verdi.

Saqaradatta evə gələn kimi, tez dəzgahın üstünə cumdu. Dəzgah saz idi.

Saqaradatta xalça toxumağa əyləşib bütün dünyanı yaddan çıxartdı. O, xalçanı toxuyub qurtarana kimi gecə və gündüz işləyirdi. Arvadının, dəlləyin onun yanına gəlməyini eşitməyirdi. Saqaradatta işini qurtarıb, öz xalçasına uzun-uzadı baxdı, sonra birdən gülüb dedi:

– Kim başa düşər ki, mən indi necə xoşbəxtəm! Mən padşah ola bilərdim, – onda mənim çoxlu var-dövlətim olardı, çoxlu itaətkar qullarım və yaltaqlarım olardı, ancaq bir dənə də əsl dostum olmazdı. Meşə cadugəri məni dövlətli edə bilərdi, onda mən gecə-gündüz dövlətimi itirəcəyim fikrindən rahat ola bilməyəcəkdim. Kimin xoşbəxtliyini mənimki ilə yanaşı qoymaq olar? – Mən öz xalçamın gözəl naxışlarını görəndə və hamının mənim işimi təriflədiyini eşidəndə duyduğum xoşbəxtliyi kimin xoşbəxtliyi ilə müqayisə etmək olar? Xalq arasında nahaq yerə belə deyilmir ki:

Əbəsdir göylərə sitayiş etmək,
Əzəldən arzuya, istəyə yetmək
Hər kəsin işində, əməlindədir,
Tale insanların öz əlindədir!

Xalçaçı Saqaradatta çox ömür sürdü. O, ömrünün axırına kimi var-dövlət sahibi olmadı. Ancaq o xoşbəxt idi, çünki toxuduğu xalçalar ona zəhmət haqqı verilən qızıl pullardan da gözəl idi, o öz xalçalarına o qədər məftun olurdu ki, hətta yoxsulluğunu da unudurdu. Onun sənətkarlıq məharəti bütün ölkəyə yayılmışdı. Hətta onun ölümündən sonra da xalq maxilaropiyalı xalçaçının necə gözəl və davamlı xalçalar toxuya bilməsini uzun zaman xatırlayırdı.