Maxmurova üçün

Maxmurova üçün
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.89

Məxməri ormanlarda çiçək dərdiyin yerdə,
Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Bənzəməz bu çiçəklər qaynar, qanlı laləyə,
Lalələr ki oxşayar qan dolu piyaləyə.
Bənzəməz bu çiçəklər günəşdən doymuş gülə,
Onların ətirləri bəzən duyulmaz belə;
Ruhumu sərməst edən çiçəklər də gördüm mən,
Onların sər tacı da qıvırcıq tel yasəmən.
Onlarda rəng də vardır, çoxu da tabaq-tabaq,
Ancaq bu gün gördüyüm bu incə dallı zanbaq, -
Bir süzülüb gedincə satar yaşıl sərvə naz,
Gül sərrafı olmayan bundan bir şey anlamaz.
Varsın, yanaqlarında çıxmasın qızğın günəş,
Mənim küskün ruhuma, belə gözəllərdir əş;
Yetişmiş əfsanəli kölgələrin qoynunda,
Bu qızdan çəkinməli qorxulu eşq yolunda.