Mehdili Mehdisiz xatirələrim
Mehdili Mehdisiz xatirələrim (2023) Müəllif: Araz Yaquboğlu |
Mehdini xatırlayanda xəyalıma öncə Göyçə gəlir. Xəyalım məni 1983-cü ilə aparır. Həmin ili qağam bacım Rəfiqə ilə məni Göyçəyə göndərmişdi ki, yayı orada istirahət edək. Qağamla Molla Əmirxan doğmaca əmioğluydular. Bizi Daşkəndə Əmirxan əmimin kürəkəni, Nahat bibimin oğlu Hamlet aparmışdı. Təxminən 10–11 yaşım olardı...
Mehdi ilə həmyaşıd idik. Mənə at minməyi, atla necə rəftar etməyi o öyrətmişdi. Bugünkü kimi xatırlayıram. Əmirxan əmimgilin evlərindən aşağıda yerləşən Məşədi Qasım dərəsinə quzu otarmağa getmişdik. Dərədə quzuları otaranda Mehdi atı necə minməyi mənə öyrətdi. Axşamçağı qayıdanda Mehdi dedi ki, daha ata minməyi bilirsən özün ata min get, mən də quzuların dalınca piyada gələcəm. Atın üstündə dərədən qalxıb “Haçanın döşü” deyilən yerin qırağı ilə gələndə çubuqla nə qədər atın üzünə vurdumsa, döndərə bilmədim. Mehdi bunu görüb dedi:
– Bə demədimmi döndərmək istəyəndə cilovu yana çək?
Bu dediklərim uşaqlıqdan yaddaşıma elə yazılıb ki, heç yadımdan çıxmır. Mehdi ilə çox vaxt “Taxçalı qaya”da, “Sulu zağa”nın yanında oynayar, xoş günlərimizi yaşayardıq. Mən Bərdədə doğulub böyüdüyümdən mənə “arançı” deyərdi. Tanımadığım bitkiləri, gülləri, kolları bir-bir mənə göstərər, izah edərdi. Qayanın üstündə olan pas kimi çöküntünü isladar, əllərimizi xınalayardıq. Mehdi çox nadinc, qorxmaz bir uşaq idi. Məndən bədəncə çəlimsiz, arıq olsa da, bir dəfə məni Məşədi Qasım dərəsinin ortası ilə axan suya itələyib salmışdı. Onunla olan əhvalatlarımız yazılmaqla bitməz. Hələ bir dəfə də mal-qoyun damlarının üstündə oynayanda məni necə karıxdırdısa, bacadan içəri düşdüm...
1988-ci il noyabrın sonlarında Göyçədə qaçqınlıq başladı. Elə bu mahalın yerli sakinlərinin ağrı-acıları da o vaxtdan başladı. Əmirxan əmimin köçü Göyçədən gətirilərək rəhmətlik qardaşı Nəbi əmigilin “finski” evinə boşaldıldı. Beş ildən sonra yenə Mehdi ilə yoldaşlıq elədik. Amma bu dəfə Yeni Daşkənddə. Mən məktəbdə “8a” sinfində, o isə “8b” sinfində oxuyurdu. Hərdən mən onlara gedər, o da bizə gələrdi.
1990-cı ildən özlərinə Yeni Daşkəndin “Xam” deyilən yerində ev tikməyə başladılar. Qohumlar hər gün yığılaraq, Əmirxan əmimin evini tikməyə əlindən gələn köməkliyi edərdilər. Bir gün Mehdi ilə təzə tikilən evə tərəf gedirdik. Kənd sovetliyinin tuşuna çatanda gördük ki, sovet sədri Müslüm ilə Şiruyə əmim dalaşır, bir-birilərini itələyirlər. Mən yoluma davam etmək istəsəm də, Mehdi dedi ki, gedək əmimə kömək edək, görmürsən Müslümlə dalaşır. Biz öz aramızda danışınca, onlar sakitləşib aralaşdılar. Mehdi uşaq olsa da, cəsarət və təəsübkeşliyini göstərdi.
Əmirxan əmim Mehdini din xadimi görmək istəyirdi. Ona dini elmləri öyrədir, Quranı oxutdururdu. Mehdinin yaşı az olsa da, gözəl bir avazı vardı.
Əmirxan əmimin min bir zəhmətlə tikdiyi təzə evlərində bir az yaşamışdılar ki, Qarabağ münaqişəsi müharibəyə çevrildi. 1992-ci ildə Mehdi də Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən müharibəyə cəlb edildi. Onun döyüş yolu Ağdərə rayonunun bir çox kəndlərindən keçdi. O, “Babək 44” taborunun tərkibində rabitəçi və kəşfiyyatçı kimi döyüşürdü. 1993-cü il fevralın 5-dən sonra Mehdidən heç bir xəbər olmadı... 17 nəfər döyüşçü yoldaşı ilə itkin düşdü. Mehdinin ata-anasının Göyçə dərdinin üstünə bir övlad dərdi də gəldi. Əmirxan əmimlə Qəriş xala ölən günə qədər gözləri yollarda, qulaqları səsdə oldu. Xüsusən Mehdinin anası elə hey deyərdi:
– Bir də baxasan, Mehdi qəflətən gələ...
2020-ci ildəki Qarabağ zəfərimizdən sonra heç olmasa, Mehdinin məzar yerinin müəyyən olunmasına ümidlər daha da çoxalıb. İnanıram ki, bir gün onun məzarını ziyarət etmək bizlərə qismət olacaq...