Meydanıma
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Çoxdan ürəyində tutmuşdun məni,
İndi ki gəlmişəm, çıx meydanıma.
Aslansan, pələngsən, filsən, kərkədan,
Betər alov kimi ax meydanıma!

Qəlbini yandırır kinin, küdrətin,
Caduda, pitikdə çoxdu qüdrətin,
Sən bilən deyilsən qədir-qiymətin,
Gurla ildırım tək, çax meydanıma!

Mən Aşıq Heydərəm, sığınnam haqqa,
Şeytansan, olsa da başında cıqqa,
Qapına gəlmişəm, çıxarma hoqqa,
Yaxşı nəzər yetir, bax meydanıma!