Mişkin saçın səvadına mişki-Xəta derəm
Mişkin saçın səvadına mişki-Xəta derəm Müəllif: İmadəddin Nəsimi |
Mişkin saçın səvadına mişki-Xəta derəm,
Mişki-Xəta nə nəsnədir, anı xəta derəm.
Ol həqqi tanıyan ki, üzün Kə’bədir demiş,
Mə’nidə hacı oldurur, əhli-səfa derəm.
Eşqin bəladurur deyənə е’tiqad ilə
Həqdən həmişə başına gəlsin bəla derəm.
Sənsiz mühibbi-sadiqə nazü nəimi-xüld,
Dərdü əzabü möhnətü rəncü əna derəm.
Cami-cahannüma dedilər üzünə, vəli
Həqdən mən anı ayineyi-həqnüma derəm.
Yoxdur vəfası zərrəcə könlümdə dünyanın,
Ol bivəfaya anın üçün bivəfa derəm.
Könlün mənə nə dürlü cəfa kim, dilərsə qıl,
Səndən gələn cəfaya xaçan mən cəfa derəm.
Dərdin dəvasın etməgil, ey münkir, əbsəm ol,
Şol mə’nidən ki, dərdinə yoxdur dəva derəm.
Ey rənci-eşqə düşmə deyən, doğru aşiqə,
Ol rəncə düşməsin ki, ana mən şəfa derəm?
Ol ömrü ki, vüsalın ilə keçmədi müdam,
Keçmiş həvavü hərzəyə, badü həva derəm.
Hər kim irişdi həqqə Nəsimi kimi yəqin
Anı cahanda mən yar ilə aşina derəm.