Millət
Müəllif: Mirzə Əli Möcüz

Çalındı suri-İsrafil və bidar oldu hər millət,
Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.
Tilu etdi günəş məğribdən, əhli-şərq qafildir,
Apardı feyzi-nuri şəmdən ol bəxtəvər millət,
Nicumi-cəhl binur eylədi elmü hünər nurin,
Fəzayi-qərbdə birləşdi xurşidü qəmər, millət.
Dağıldı pənbeyi-mənquş tək övhami-İstambul,
Cəhalət mərkəzi çökdü, yer oldu ayrı yer, millət!
Qiyamət qopdu, yahu, köhnə dünya tarümar oldu.
Quruldu tazə aləm, aç gözün, eylə nəzər, millət!
O hansı elmdir-elmi ki, icad etdi telfuni,
Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət,
O elmin qüvvəsilə xəlq olundu çap maşini,
Basar saətdə övraq üstünə min cür əsər, millət.
O hansı elmdir-elmi ki, təxsir etdi əflaki,
Nə xoşdur mərkəbü-balun ilə seyrü səfər, millət.
O elmi ki, çiraği-bərq ilə zülmati-dünyanı
Münəvvər qıldı, rövşən oldu şəb, misli səhər, millət.
O elmi ki, hədidə verdi can, həml etdi əsqalı,
Xilas oldu məşəqqətdən bəşər, həm kavü xər, millət.
Haman elmi ki, gəldi nitqə ahənparə insan tək,
Qulaq ver, gör nə xoş səslər gəlir, xuninciyər millət.
O hansı elmdir-elmi ki, yardı, sineyi-xaki,
Çıxartdı mədəni neftü zoğalü simü zər, millət.
O elmi ki, gəzər insan balıq tək qəri dəryadə,
O elmi ki, keçər bəhri-mühiti bixətər, millət.
Tənabi-elm ilə beş yüz kürur Hindusitan əhlin,
Necə gör bağlayıbdır qol-qola bir müxtəsər, millət.
O elmi ki, çuğundur rişəsi təbdil olur qəndə,
Məgər zənbil ilə göydən ənər çayü şəkər, millət?
Həram etdi sizə təhsili-elmi alimi-cahil,
Binayi-elmi yıxdı, eylədi zirü zəbər, millət.
Cəhalət eylədi İranı viran, milləti fəhlə,
Neçün məzlumdur, yarəb, bizim bu dərbədər millət!
Bu ahü-vah daim yerdə yatmaz, xakriz olmaz,
Kəsər məzlumun ahı gec, vəli karlı kəsər, millət!
Ayıl, ey yadigari-Bəhmənü Şapurü Keyxosrov,
Ayıl, ey varisi-Nuşirəvani-dadigər millət!
Əmudi-elmlə əz kəlləsin cəhlin, cəhad eylə,
Cəhalət xəsmi-candır, mari-əfidən betər, millət!
Tәəssüf bisəmərdir, çün keçən-keçdi, köçən-köçdü,
Ayıl, bundan sora qoyma keçə ömrün hədər, millət!
Ümidin kəsmə, məyus olma istiqbali-millətdən,
Tamam eylə sözün, Möcüz, ayılmış bir qədər millət!